Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində son günlər erməni birləşmələri əks-hücuma keçməklərinə baxmayaraq, vəziyyət əsasən dəyişməmişdir. Avqustun 6-da Azərbaycan Ordusunun hissələri Ağdərə dağlarını ermənilərdən təmizləmiş və bir neçə strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənmişdir. Düşmən qüvvələrini tam məğlubiyyətə uğratmaq üçün bizimkilər tərəfdən zəruri tədbirlər həyata keçirilir.
Avqustun 7-nə keçən gecə Ağdam rayonunun Xıdırlı kəndi Xanabad istiqamətindən top atəşinə tutulmuşdur. Cavab atəşilə düşmən susdurulub. Füzuli və Cəbrayıl bölgələrinin Yuxarı Qarabağa bitişik kəndləri istiqamətində ara-sıra atışmalar davam edir.
Son günlər Gədəbəy bölgəsində vəziyyət xeyli gərginləşib. Avqustun 6-da saat 16:00-17:00 radələrində Azərbaycan Respublikasının Dövlət sərhədini pozaraq Erməni silahlı qüvvələrinin hissələri xeyli texnika və canlı qüvvə ehtiyatı yaradaraq Gədəbəy rayonunun Mutudərə kəndinə hücum edib və həmin yaşayış məntəqəsini zəbt etmişlər. Erməni vəhşiləri evləri soyub yandırırlar. Düşməni ərazimizdən qovmaq üçün lazımi əməliyyatlar aparırlar.
Qubadlı, Zəngilan, Qazax, Tovuz və Naxçıvan MR-da ötən gecə nisbətən sakitlik olmuşdur.