Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində şiddətli döyüşlər səngimir. Ağdərə ətrafında Azərbaycan Ordusunun hissələri erməni birləşmələrinin hücumlarının qarşısını almaq üçün lazımi əməliyyatlar aparırlar. Döyüşlər davam edir.
Yuxarı Qarabağa bitişik rayonlarda vəziyyət mürəkkəb olaraq qalır. Avqustun 6-na keçən gecə Ağdam şəhəri Əsgəran-Xanabad istiqamətindən toplardan atəşə tutulub. Şəhərə 20-dək mərmi düşüb. Füzuli rayonunun bəzi kəndləri və Cəbrayıl rayonunun Süleymanlı kəndi Hadrut istiqamətindən top atəşinə tutulmuşdur.
Respublikamızın sərhəd bölgələrində ümumi vəziyyət sabit deyil. Avqustun 6-na keçən gecə Qazax rayonunun sərhəd kəndləri və Ağstafa rayonunun Köhnə Qışlaq kəndi Ermənistan ərazisindən müxtəlif növ silahlardan atəşə tutulmuşdur. Eyni zamanda, Tovuzun Hacıəli və Göyəbaxan kəndləri Başkənd istiqamətindən toplardan atəşə tutulub. Bir nəfər həlak olub, 3 nəfər yaralanıb. Başkənd ətrafında şiddətli döyüşlər davam edir. Avqustun 5-də Göyəli istiqamətində düşmənin 1 tankı məhv edilib. Dörd nəfər erməni qulduru öldürülüb. Avqustun 6-na keçən gecə erməni birləşmələri Mutudərə kəndi istiqamətində hücuma keçiblər. Hücumun qarşısı alınır. Döyüşlər davam edir.

 

 

17:00


Avqustun 6-da erməni birləşmələri Mutudərə istiqamətində hücuma keçiblər. Onların hücumunun qarşısı alınıb. 2 nəfər azərbaycanlı həlak olub. Saat 10-dan 11-dək Gədəbəyin Mormor kəndi, saat 12-dən 13-dək isə İvanovka kəndi ermənilər tərəfindən “Qrad” qurğularından atəşə tutulub. Mormor kəndində bir nəfər yaralanıb.
Naxçıvan MR-da isə Sədərək qəsəbəsi, Şərur rayonunun mərkəzi də daxil olmaqla Mahmudkənd, Oğlanqala, Dizə, Yuxarı və Aşağı Yaycı, Cağazir, Yuxarı Daşarx, Düdənkə, Zeyvə, Cəlilkənd məntəqələri, Şahbuz rayonunun Kömür kəndi toplardan və yüngül silahlardan sutka ərzində atəşə tutulmuşdur. Bəzi məntəqələrdə atışma hələ də davam edir.
Qubadlı, Zəngilan bölgələrində ötən gecə nisbətən sakit keçmişdir.
Bildiyiniz kimi, Azərbaycan Silahlı Qüvvələri nəzdində Beynəlmiləl briqada yaradılıb. Bu briqadanın işi və onun yaradıcılarından biri olan Vladimir Malinin və yoldaşları haqqında verilişə avqustun 7-də saat 22:00-da baxa bilərsiniz.