Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 4-dən başlayaraq erməni silahlı qüvvələri Ermənistanın Krasnoselsk rayonu ərazisindən Gədəbəy bölgəsinin Düzrəsullu, Mutudərə, Mormor və Qaravəllər kəndlərini toplardan, tanklardan və PDM-lərdən fasiləsiz atəşə tutmuşlar. Mutudərə kəndinin müdafiəçilərindən 2 nəfər yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək strateji əhəmiyyətli yüksəkliklərdən birini nəzarət altına almışlar. Düşmənin Başkənddə yerləşən bazalarından biri tamamilə dağıdılmışdır. Ermənilərin 1 tank, 1 PDM və böyük canlı qüvvəsi məhv edilmişdir.
Avqustun 4-də erməni birləşmələri Laçın rayonunun Mollalar kəndinə hücum etməyə cəhd göstərmişlər. Əks hücumla döyüşçülərimiz düşməni 12 nəfər itki verərək qaçmağa məcbur etmişlər. Bu gün səhər saat 8-dən etibarən Laçının Səfiyan kəndi ermənilər tərəfindən işğal olunmuş kəndlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini məhv etmək üçün Xanalar kəndinə hücuma keçiblər. Hazırda Xanalar uğrunda gərgin döyüşlər gedir. 1 əsgərimiz şəhid olmuş, 21 nəfər isə yaralanmışdır. Laçın rayonunun Pircahan kəndi isə “Qrad” qurğusundan atəşə tutulub. 1 nəfər döyüşçümüz yaralanıb. Düşmənin atəş nöqtəsi dağıdılıb.
Ötən gecə Ağdamın Abdal, Gülablı kəndləri Dəhraz və Harov istiqamətindən atəşə tutulub. 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.
 Bu gün Füzuli rayon mərkəzi Düdükçü istiqamətindən “Qrad” qurğularından və toplardan atəşə tutulmuşdur. Təlafat yoxdur.
Bu gün Kəlbəcərin Ağdaban, Ağstafanın Köhnə Qışlaq, Naxçıvan MR-nın isə Şərur rayonunun Havuş, Yuxarı Yaycı və Cağazir kəndləri, həmçinin Sədərək qəsəbəsi müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Ağstafa rayonunda Köhnə Qışlaq kəndinin müdafiəçilərindən 4 nəfər yaralanmışdır.
Ağdərə rayonunun ətrafında döyüşlər nisbətən səngimişdir. Rayon mərkəzi Silahlı Qüvvələrimizin nəzarəti altındadır.
Qazax, Tovuz, Qubadlı və Zəngilan bölgələrində nisbi sakitlik olmuşdur.