Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə Ağdərə bölgəsində nəzərə çarpacaq dəyişiklik olmayıb. Metşen, Möhrətaq və Maqavuz yaşayış məntəqələri uğrunda döyüşlər ara vermir. Azərbaycan Silahlı Qüvvələri Ağdərə rayon mərkəzinə və ona yaxın Dəmirli və Orataq kəndlərinə nəzarət edirlər.
Avqustun 1-nə keçən gecə Ağdam istiqamətində vəziyyət gərginləşmişdir. Gülablı, Abdal və Qalayçı kəndləri bütün gecəni erməni mövqelərindən atəşə tutulmuşdur. Sırxavənddə cəmləşmiş düşmən qüvvələri Yeni Qaralar kəndini ələ keçirməyə cəhd etmişlər. Əsgərlərimiz düşməni geri oturtmuşlar. Bu gün isə saat 05:30-dan başlayaraq ermənilər Naxçıvanik, Pircamal və Ərənzəmin kəndlərinə hücuma keçmişlər. Hazırda döyüşlər gedir.
Kəlbəcər rayonunun Ağdaban kəndi müntəzəm olaraq Ağdərə bölgəsinin Çapar, Aterk və Vaquaz məntəqələrindən müxtəlif təyinatlı silahlardan atəşə tutulur. Azərbaycan Ordusunun bölmələri Laçın istiqamətində irəliləyərək Hoçaz kəndinə daxil olmuş və onu nəzarət altına almışlar.
Avqustun 1-nə keçən gecə Cəbrayılın Sur kəndinin Şaqax istiqamətindən atəşə tutulması nəticəsində bir nəfər yaralanıb.
Respublikamızın Ermənistanla həmsərhəd bölgələrində də ötən gecə sakitlik olmamışdır. Tovuz rayonunun Əlibəyli, Gədəbəy rayonunun  isə İvanovka və Qaravəllər kəndləri Ermənistan ərazisindən atəşə tutulmuşdur. Tələfat olmamışdır.
Qazax, Zəngilan və Qubadlı bölgələrində nisbi sakitlik olmuşdur.