Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ bölgəsini düşmənlərdən təmizləməkdə davam edirlər. Bütün cəbhə boyu döyüş üstünlüyünü əlinə alan əsgərlərimiz qanlı vuruşmalar keçirə-keçirə müdaxiləçiləri geri oturdurlar.
Bu gün Milli Ordunun qüvvələri Şaqax və Hadrut kəndləri istiqamətində düşmənlərin bir neçə atəş nöqtəsini darmadağın etmişlər.
Şaqax səmtində erməni silahlı birləşmələrinin mövqeləri tamamilə sarsıdılmışdır.
Hadrut istiqamətində ermənilər xeyli geri çəkilmişlər. Döyüşçülərimiz hücumu davam etdirirlər.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Əsgəran istiqamətində də uğurlu döyüş əməliyyatları keçirmişlər. Pir-qaya yüksəkliyinin ətrafındakı düşmən mövqeləri dağıdılmışdır. Döyüşçülərimiz yüksəklikdə öz mövqelərini daha da möhkəmləndirmişlər.
Ağdam rayonunun cəbhə yaxınlığındakı kəndləri uzaq məsafələrdən ara-sıra atəşə məruz qalıb. Döyüşçülərimiz düşmənə cavab atəşi açırlar. Düşmənin atəşlərinin qarşısı alınır.
Papravənd kəndində gedən döyüşlərdə Milli Ordunun komandiri Quliyev Tale qəhrəmanlıq göstərmişdir. İgid Tale başından ağır yaralanmasına baxmayaraq, üzünün qanını silib, yaralı-yaralı 5 erməni yaraqlısını məhv etmişdir.
Ağdərə istiqamətində döyüşlər davam edir.
İyulun 1-ə keçən gecə saat 1-dək Tovuz rayonunun Əlibəyli və Ağdam kəndləri Ermənistanın Şəmşəddin rayonu ərazisindən avtomat silahlardan atəşə məruz qalıb. Düşmənə cavab atəşi açılıb.
Düşmənlər dünən gecə Gədəbəy rayonunun Mutudərə və Göyəli kəndlərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmənə cavab atəşi açılmışdır.
Bir neçə gündür ki, Qubadlı və Laçın rayonlarının sərhəd kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulur. Milli Ordunun bölmələri fədakarlıqla düşmənin hücumlarını dəf edir, torpaqlarımızı qoruyurlar. Atışmalar zamanı Milli Ordunun 2 əsgəri şəhid olmuşdur. Yaralananlar var.
Dünən axşam Zəngilan rayonunun İsgəndərbəyli və Ağbis kəndləri avtomat və iriçaplı pulemyotlardan atəşə tutulub. İyulun 1-nə keçən gecə rayonunun Şayıflı kəndi də top atəşinə məruz qalıb. Döyüşçülərimiz cavab atəşi ilə düşməni susdurub.
Naxçıvan Muxtar Rüspublikasının Sədərək qəsəbəsi Ermənistan ərazisindən fasilələrlə atəşə tutulur. Düşmənə cavab atəşi açılır. Dünən atəş zamanı döyüşçülərimizdən 4, bu gün isə 1 nəfər yaralanıb.
Kəlbəcər və Qazax bölgələrində nisbi sakitlikdir.