Qarabağ bölgəsində vəziyyət gərgin olaraq qalır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ ərazisində yerləşən düşmən yuvalarını atəşə tuturlar. İyulun 2-nə keçən gecə Ağdərə rayonu ərazisində düşmənin 4 tankı məhv edilmişdir. Düşmənlərdən təmizlənmiş ərazilərdə Milli Ordunun bölmələri möhkəmlənməkdə davam edirlər.
Dünən gecə Ağdam rayonunun Qiyaslı, Xıdırlı, Abdal, Gülablı və Şelli kəndləri düşmənin atəşinə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub. Papravənd döyüşlərindən sonra məhv edilmiş düşmən cəsədləri arasında 3 rus və 1 zənci meyidi var. Bu gün Abdal və Gülablı kəndləri atəşə tutulmuş, nəticədə taxıl zəmisinə od düşmüşdür. Döyüşçülərimizin səyi nəticəsində yanğının qarşısı alınmışdır. Papravənd kəndinin taxıl zəmilərində biçin davam edir.
Taxıl elin sərvətidir. Bu çətin günlərdə Ağdamın təsərrüfatlarında el köməyinə böyük ehtiyac duyulur. Respublikamızın mexanizatorları öz köməklərini əsigəməməlidirlər.
Hadrut istiqamətində vəziyyət dəyişməmişdir. Döyüşçülərimiz ələ keçirilmiş mövqelərdə möhkəmlənirlər.
Şayax kəndi ətrafındakı düşmən məntəqələri atəşə tutulur. Milli Ordunun bölmələri uğurlu döyüş əməliyyatları keçirərək, düşməni geriyə doğru sıxışdırır. Tuğ kəndində yerləşən atəş nöqtələri darmadağın edilmişdir.
Bu gün saat 12:30-da Qazax rayonunun Quşçu Ayrım kəndi Ermənistanının Noyemberyan rayonu səmtindən iriçaplı pulemyotlardan atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələrinin döyüşçüləri düşməni sərrast cavab atəşləri ilə susdurublar. Atışma zamanı 1 döyüşçümüz şəhid olmuş, 2 nəfər yaralanmışdır. Döyüşlər davam edir.
Tovuz rayonunun Əlibəyli, Hacallı, Qışlaq və Ağdam kəndləri müxtəlif təyinatlı silahlardan atəşə məruz qalmışdır. Düşmənə cavab atəşi açılaraq geri oturdulmuşdur. Gərgin atışmalarda Milli Ordunun 1 əsgəri yaralanmışdır.
Dünən axşam Kəlbəcərin Söyüdlü məntəqəsi düşmən tərəfdən atəşə tutulub. Döyüşçülərimiz düşmənin atəşlərinin qarşısını almışdır. Baş leytenant Ağayevin səyi nəticəsində ermənilərin torpağa basdırdığı 3 tank əleyhinə, 1 piyada əleyhinə minası tapılıb zərərsizləşdirilmişdir.
Dünən axşam ermənilərin kəşfiyyatçıları Ağdaban kəndinə girməyə cəhd göstərmişlər. Sayıq döyüşçülərimiz düşmənin bu cəhdini dəf etmişlər.
Dünən axşamüstü saat 19-da Qubadlı qəsəbəsi və rayonun Ermənistanla sərhəd kəndləri müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb. Atışma nəticəsində Milli Ordunun 4 əsgəri şəhid olmuş, 26 nəfər yaralanmışdır. Döyüşçülərimiz düşməni cavab atəşi ilə susdurublar.
Erməni müdaxiləçiləri Qubadlı rayonunun ərazisini atəşə tutarkən, kimyəvi silahlardan istifadə etmişlər. Rayonunun ərazisinə bir neçə kimyəvi mərmi düşmüşdür.
Bu gün fasilələrlə Zəngilan rayonunun Pirveysli, Günqışlaq, Qazançı, Ağkənd, Seyidlər və Yeməzli kəndləri və Şükürtaz postu Ermənistan ərazisindən toplardan, piyadaların döyüş maşınlarından və pulemyotlardan atəşə tutulur. Milli Ordunun əsgərləri düşmənə cavab atəşi açır. Vəziyyət gərgin olaraq qalır.
Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi ara-sıra düşmən tərəfdən atəşə tutulur. Döyüşçülərimiz düşmənin həmlələrini dəf edirlər.