QUBADLI
Dünən saat 20:00-22:00-a qədər Qubadlı rayonu Ermənistanın Qafan ərazisindən Zeyvə və Qızıldaş kəndlərindən artilleriya və raket atəşinə məruz qalmışdır. Ölənlər və yaralananlar var. Xeyli təlafat var. Hal-hazırda sakitlikdir.
Qubadlı atəşə tutulurkən Milli Ordunun 26 əsgəri yaralanıb, 4 nəfər şəhid olub.
ZƏNGİLAN
Gecə saat 02:30 radələrində Günqışlaq kəndinə qalxan maşın Ermənistan tərəfdən vurulmuşdur. Bir nəfər ölüb və bir nəfər yaralanıb.
Səhərə kimi ara-sıra atəş səsləri kəsilməyib.
AĞDAM
Axşam saat 20:00-dan başlayaraq Şelli və Çuxurməhlə top atəşinə tutulmuşdur. 3 nəfər yaralanıb.
Gecə saat 04:00 radələrində şəhərə “Qrad” tipli raketlərdən atəş açılıb.
GƏDƏBƏY
Vəziyyət gərgin olaraq qalır. Ermənistanla həmsərhəd kəndlərdə canlı qüvvə və külli miqdarda hərbi texnikanın cəmləşməsi müşahidə olunur.
Başkənddə düşmən qüvvəsinin cəmləşməsi müşahidə olunur.
QAZAX
Rayonun sərhəd kəndləri Ermənistan ərazisindən ara-sıra avtomat və pulemyotlardan atəşə tutulur. Düşmənə cavab atəşi açılır.
TOVUZ
Dünən gecə saat 22-24 arasında atışma zamanı Əlibəyli kəndində 1 nəfər yaralanıb. Ələsgərov Səyəvuş Sovet oğlu.
KƏLBƏCƏR
Dünən axşam Söyüdlü postu atəşə tutulub. Milli Ordunun əsgərləri düşmənə cavab atəşi açaraq susdurmuşlar.
Baş leytenant Ağayev düşmənin 3 tank əleyhinə, 1 piyada əleyhinə minasını tapıb zərərsizləşdirmişdir.
Dünən axşam erməni kəşfiyyatçıları Ağdaban kəndinə girməyə cəhd göstərmişlər. Döyüşçülərimiz düşmənə imkan verməmişdir.
QUBADLI
İyulun 2-də axşamüstü saat 19-da Qubadlı qəsəbəsi və sərhəd kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb. Atışma nəticəsində Milli Ordunun 26 əsgəri yaralanmış, 4 nəfər şəhid olmuşdur. Düşmən cavab atəşi ilə susdurulub. Hazırda rayon ərazisində nisbi sakitlikdir.
FÜZULİ
Rayonda nisbi sakitlikdir. Milli Ordunun bölmələri əvvəlki mövqelərində dayanmışdır. Döyüşlər getmir.
CƏBRAYIL
Şayax kəndi istiqamətində döyüşlər gedir. Düşmənin həmlələri dəf olunur.
AĞDAM
Dünən gecə rayonun Abdal, Gülablı, Şelli, Qiyaslı və Xıdırlı kəndləri ermənilərin toplaşdığı müxtəlif istiqamətlərdən ağır silahlardan atəşə tutulub. Şellidə 4 ev dağıdılıb. Ermənilər fasilələrlə Naxçıvan kəndini də atəşə tuturlar.
Papravənd döyüşlərindən sonra məhv edilmiş düşmən cəsədləri arasında 3 rus, 1 zənci meyidi aşkar olunmuşdur.
Düşmənin atəş nöqtələrini susdurmaq üçün cavab tədbirləri görülür.