QUBADLI
İyulun 3-də saat 13-dən başlayaraq rayonun Novlu kəndi Ermənistanın Gorus rayonu ərazisindən top atəşinə tutlmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
CƏBRAYIL
İyulun 3-də saat 07:00-dan 12-dək rayonun Süleymanlı və Qışlaq kəndləri və rayon mərkəzi “Qrad” tipli qurğulardan və toplardan atəşə tutulmuşdur. Xeyli dağıntı var və yaralananların sayı dəqiqləşdirilir. Sur kəndində möhkəmlənmiş döyüşçülərimiz burada yerləşən mövqeləri müdafiə edirlər.
NAXÇIVAN
İyulun 3-də saat 02:00-dan 03-dək Ordubad rayonunun Kilit kəndi və Sədərək qəsəbəsi Ermənistan ərazisindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur.
Ermənistan informasiya agentliklərinin verdiyi məlumata görə “Azərbaycan Silahlı Qüvvələri sıralarında Madaqaskar, Yeni Zenlandiya və Smolenskdən gəlmiş muzdurlar da döyüşür”. Həmçinin alınan məlumata görə Ermənistanın Axuryan və Gümrü rayonlarından yüklə dolu maşın karvanları Stepanakertə ərzaq və “DQR”-ə lazım olan malları çatdırmışlar.
TƏRTƏR
İyulun 3-də səhər Azərbaycan Ordusunun bölmələri düşmənin Ağdərə ərazisində yerləşən mövqelərinə hücum etmişlər. Əvvəl Qarmiravan, sonra isə Çiləbürt kəndindəki erməni birləşmələri darmadağın edilmiş və Ağdərə rayonunun mərkəzinə yol açılmışdır. Saat 17:30-da daxil olan məlumata görə döyüşlər Ağdərənin yanacaqdoldurma stansiyası yaxınlığında gedir.