Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyul 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bu gün Ağdərə istiqamətində uğurlu döyüş əməliyyatları keçiriblər. Ağdərə rayonunun Qarmiravan, Yuxarı Tonaşen, Aşağı Tonaşen, Akop Kamari, Mağavuz, Minqrelsk, Dostagir və Cerabert kəndləri tamamilə düşmənlərdən azad edilib. Milli Ordunun əsgərləri Metsşen və Moxrataq kəndlərinə daxil olublar. Döyüşçülərimiz bu kəndlərdə möhkəmlənən Ermənistan ekspedisiya korpusunu sıxışdıraraq irəliləyirlər.
Keçmiş Mardakert (Ağdərə) rayonunun mərkəzində yerləşən Ermənistan ekspedisiya korpusunun bölmələri mühasirəyə düşüblər. Erməni əhalisinin döyüş zonasından çıxıb getməsi üçün Sərsəng su anbarının yuxarı hissəsi boyunca dəhliz açılmışdır.
Döyüşlər gedir.
Yuxarı Qarabağın Kəlbəcər istiqamətindəki mövqelərdə möhkəmlənən Milli Ordunun bölmələri Aterk səmtində uğurlu döyüş əməliyyatları keçirirlər. Bu gün İmarət-Qərvənd altında möhkəmlənən düşmən qüvvələri darmadağın edilib. Çapar kəndi erməni işğalçılarından azad olunub. İmarət-Qərvənd və Aterk kəndlərində döyüşlər gedir.
Ermənistanın ekspedisiya korpusu ilə gərgin döyüşlərdə Milli Ordunun bölgədəki reyd dəstəsinin 1 döyüşçüsü şəhid olub. İmarət-Qərvənd kəndinin yaxınlığında ordumuza məxsus QAZ-66 markalı 1 avtomobil minaya düşərək partlayıb. Nəticədə 5 nəfər qəhrəmancasına həlak olub, 5 nəfər ağır yaralanıb.
Döyüşlər gedir.
Bu gün Ağdam bölgəsində atəşlər ara verib. Əsgəran istiqamətində nisbi sakitlikdir. Dünən Xanabad kəndi ətrafında ermənilərin 2 tankı, 1 PDM-i vurulub məhv edilib.
Hadrut-Krasnı Bazar cəbhə xəttində nisbi sakitlikdir. Döyüşçülərimiz öz mövqelərində möhkəmlənirlər. Krasnı Bazar ətrafında gedən döyüşlərdə şəhid olan əsgərlərimizin sayı dəqiqləşdirilir. Yerli hospitalın bu gün təqdim etdiyi siyahıda 17 nəfərin adı qeyd olunub. İtkin düşənlər müəyyənləşdirilir.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sur kəndini fədakarlıqla düşməndən qoruyurlar.
Dünən saat 18:30-dan 19:30-dək Cəbrayıl rayonunun Süleymanlı və Qışlaq kəndləri Şaqax yüksəkliyindən “Qrad” tipli qurğulardan atəşə tutulub. Nəticədə 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Ermənilər tərəfdən atılan mərmilərin tərkibində kimyəvi maddələrin olduğu aşkar edilib.
Cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub.
İyulun 3-dən 4-ə keçən gecə Tovuz rayonunun Qaralar və Həsənli, Qubadlı rayonunun Yuxarı Cibikli və Aşağı Cibikli; Zəngilan rayonunun Gün Qışlaq və Kollu Qışlaq kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahdan atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
Qazax, Gədəbəy və Ağstafa bölgələrində nisbi sakitlikdir.