İyulun 5-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə (keçmiş Mardakert) şəhəri üzərinə müzəffər yürüş etmişdir. Döyüşçülərimizin səyi nəticəsində Ağdərə rayonunun mərkəzində cəmləşən Ermənistan ekspedisiya korpusunun qüvvələri darmadağın edilmiş, şəhər düşmənlərdən azad olunmuşdur. Düşmən qüvvələri bir neçə kilometr kənara atılmışdır.
Bu tarixi qələbə münasibəti ilə döyüşçülərimizi və xalqımızı təbrik edirik.
Düşmənlərdən azad olunmuş kəndlərin siyahısına bu gün Ağdərə rayonunun Kasapet, Aşağı Ortaq, Dəmirli, Ağabəyyalı, Metsşen, Möhrətağ, Aterk və Kotavan kəndləri də əlavə olunub. İmarət Qərvənd kəndində məskunlaşan erməni silahli birləşmələri mühasirəyə düşüblər. Kəlbəcər-Tərtər şosse yolu bərpa edilir.
Bu gün Əskaran istiqamətində vəziyyət gərginləşib. Ağdərənin sükutundan sonra Ermənistan ekspedisiya korpusunun qüvvələri Əsgəran cəbhə xəttinə cəmləşiblər. Erməni işğalçıları səhər tezdən Naxçıvanik, Dəhrəz, Ağbulaq və Ərənzəmin kəndləri üzərinə hücuma keçiblər. Döyüşçülərimiz düşmənin bu mənasız həmlələrini igidliklə dəf ediblər.
Ağdam cəbhəsində gərginlik azalmır. Bölgədə müdafiə mövqeləri möhkəmləndirilir.
Füzuli və Cəbrayıl istiqamətində vəziyyət dəyişməyib. Milli Ordunun bölmələri öz mövqelərində möhkəmlənərək, düşmənin hərəkətlərinə nəzarət edirlər.
Republikamızın Ermənistanla sərhəd bölgələrində də vəziyyət sabitləşməyib. İyulun 5-nə keçən gecə Zəngilan və Tovuz rayonları Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Zəngilan rayonunun Şükürataz dağ yüksəkliyində döyüşlər gedir. Milli Ordunun əsgərləri düşməni cavab atəşləri ilə geri çəkilməyə məcbur edirlər.
Qubadlı, Gədəbəy, Ağstafa və Qazax bölgələrində nisbi sakitlikdir.