Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

QAZAX

İyulun 6-na keçən gecə Bala Cəfərli, Böyük Cəfərli, Xanlıqlar, Qızılhacılı və Əskipara kəndləri Ermənistan ərazisindən ara-sıra atəşə tutulmuşdur.

TOVUZ

İyulun 5-də saat 18:00-dan 24:00-dək Ağdam və Əlibəyli kəndləri Ermənistanın Berd rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmışlar.

KƏLBƏCƏR

Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatlarını genişləndirərək İmarət-Qərvənddə yerləşən erməni silahlı birləşmələrini mühasirəyə almış və düşməni darmadağın edərək daha bir kəndimizi azad etmişlər.

AĞDAM

İyulun 6-na keçən gecə Əsgəran istiqamətində cəmləşən erməni silahlı birləşmələri Naxçıvanik kəndinə hücum etmişlər. Döyüşçülərimiz itki verməmək üçün kəndi tərk etməyə məcbur olmuşlar.

ZƏNGİLAN

İyulun 5-də saat 21:00-dan başlayaraq Şükürataz məntəqəsi Ermənistan ərazisindən atəşə tutulmuşdur.

Gədəbəy, Qubadlı, Tərtər, Füzuli bölgələrində sakitlik olmuşdur.