Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

İyulun 6-da axşamüstü Azərbaycan Ordusunun bölmələri hücum əməliyyatlarını davam etdirərək Ağdərə rayonunun daha iki yaşayış məntəqəsi: Gülyataq və Canyataq kəndlərini azad etmişlər.

AĞDAM

İyulun 7-nə keçən gecə saat 01:00-dan 03:00-dək rayonun Abdal – Gülablı kəndi erməni silahlı dəstələri cəmləşən Qənilmiri kəndi tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Düşmənin hücum cəhdi tamamilə dəf olunmuşdur və cavab atəşi ilə erməni qüvvələri geri çəkilməyə məcbur olmuşdur. Səhər saat 5-dən başlayaraq rayonun Əhmədavar, Çuxurməhəllə, Xıdırlı kəndləri Əsgəran istiqamətindən PDM-dən və toplardan ara-sıra atəşə tutulur. Son məlumata əsasən Azərbaycan Ordusunun Ağdam hissələri yenidən Pircamal və Naxçıvanik kəndlərini erməni quldurlarından azad etmişlər.

CƏBRAYIL

İyulun 7-nə keçən gecə saat 3-də Sur kəndi ermənilər tərəfdən atəşə tutulmuşdur. Bir nəfər yaralanıb. Cavab atəşi ilə düşmən susdurulmuşdur.

ZƏNGİLAN

İyulun 6-da axşam saat 20:00-dan 22:00-dək Zəngilan şəhərinin yaxınlığına Ermənistanın Qafan rayonu tərəfdən 3 top mərmisi atılmışdır. Təlafat olmamışdır. Rayonun sərhəd kəndlərində vəziyyət gərgin olaraq qalır.

GƏDƏBƏY

İyulun 7-nə keçən gecə Düzəsullu kəndi ermənilər yaşayan Başkənd kəndi tərəfdən avtomat silahlardan ara-sıra atəşə tutulmuşdur.

KƏLBƏCƏR

Silahlı Qüvvələrimiz tərəfindən Zəylik kəndi də azad edilmişdir. Hazırda Umudlu və Zəylik kəndlərində mövqelərimiz möhkəmlənir.

Füzuli, Qubadlı, Qazax və Tovuz bölgələrində sakitlikdir.