Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ekspedisiya korpusunun qüvvələrini bir neçə istiqamətdə məğlub edərək, Ağdərə rayonunun Zəylik, Canyataq, Sağ və Sol Gülyataq kəndlərini düşmənlərdən azad etmişlər.
Döyüşçülərimiz düşmənlərdən təmizlənmiş kəndlərdə istehkamlar qurur, etibarlı mövqelər seçib möhkəmlənirlər.
Ermənistan ekspedisiya korpusunun qüvvələri daha çox Əsgəran-Xanabad istiqamətdə cəmləşirlər. Dünən gecə quldurlar Təkilmir səmtindən Ağdam rayonunun atəş məsafəsinə yaxın kəndlərini müxtəlif təyinatlı silahlardan atəşə tutublar. Artilleriya hazırlığından sonra düşmənlər Pircamal və Naxçıvanik kəndlərinə daxil olmağa cəhd göstəriblər. Milli Ordunun fədakar döyüşçüləri sərrast atəşlə düşməni dərhal geri çəkilməyə məcbur ediblər. Bu gün səhər saat 9-da düşmənlər bizim mövqeləri havadan atəşə tutmaq məqsədi ilə səmaya 3 vertolyot qaldırıblar. Döyüşçülərimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdi də baş tutmayıb. Tezliklə məhv olacaqlarını dərk edən erməni aviatorları geriyə qayıdaraq, Xankəndi istiqamətdə yerə enmişlər. Vertolyotların səmərə vermədiyini görən ermənilər havaya 2 təyyarə qaldırmışlar. Bu təyyarələr də kəşfiyyat uçuşu edərək naməlum istiqamətə dönüb yoxa çıxmışlar.
Yüksək döyüş hazırlığına malik olan əsgərlərimiz Əsgəran istiqamətdə qurulan istehkamlarda möhkəmlənirlər. Ermənistan ekspedisiya korpusunun yerdəyişmə əməliyyatları nəzarətdə saxlanılır.
Bu gün saat 14-də Maçkalaşen istiqamətdən Füzuli rayonunun Qacar kəndi minaatanlardan atəşə tutulub. Cavab atəşi ilə düşmən dərhal susdurulub. Şayax yüksəkliyi səmtindən ara-sıra ermənilər Sur kəndini atəşə tuturlar. Düşmənin dayandığı mövqeləri susdurmaq üçün tədbirlər görülür.
Dünən gecə və bu gün Zəngilan, Kəlbəcər və Gədəbəy rayonlarının sərhəd kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Ermənistan Ordusunu bölmələri Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində Respublikamızın sərhədini pozmağa cəhd göstəriblər. Cavab atəşi ilə düşmən geri oturdulub. Qalan bölgələrdə nisbi sakitlikdir.