QAZAX
Axşam saat 01:00 – 02:00 radələrində Kəmərli zonasında sərhəd boyunca zirehli texnikanın toplanması davam etmişdir. Quşçu Ayrım kəndinə müasir silahlardan atəş açılmışdır.
TOVUZ
İyulun 9-na keçən gecə saat 03:00-dan 06:00-a qədər rayonun Ağdam kəndi Berd rayonunun Çinar kəndi tərəfindən atəşə tutulmuşdur. 2 nəfər yaralanıb. (yaralananlardan biri rota komandiri Məmmədəli Tağıyevdir). Nisbi sakitlikdir.
GƏDƏBƏY
Nisbi sakitlikdir. Şınıxın Mor-mor, Qaravəllər, Mutudərə və Göyəli kəndlərinin yaxınlığında dağlarda erməni quldurları canlı qüvvələrini yerləşdirməkdə davam edirlər. Dünən axşam Mor-morda qısa müddətli atışma olub, nəticədə Milli Ordunun 1 əsgəri ayağından yaralanıb. Göyəli tərəfdə qısa müddətli atışma olub. Milli Ordunun cavab atəşindən sonra düşmənin atəş mövqeyi susdurulmuşdur.
KƏLBƏCƏR
Ermənistanın Vardenis rayonunun Əzizli kəndinə 15 ədəd PDM və ZTR cəmlənib. Kənddən yerli sakinləri boşaldırlar. Bizim Dikyurd, Yellicə, Bəngli kəndləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
3 gündür Vaquas kəndi uğrunda döyüş gedir. Getavan kəndində körpü partladıldığından bizimkilər hücumu dayandırıb, müdafiəyə keçmişlər. Vaquas kəndinin sağ tərəfini bizim döyüşçülər mühasirəyə alıblar. Erməni quldurları Drambon, Koçaqot, Berin Orataq kəndlərindən artilleriya ilə Vaquasu mərmi atəşinə tuturlar. Atışmalar hələdə davam edir.
QUBADLI
Dünən gecə saat 23:00-dan 01:00-a qədər Novlu kəndi Gorus rayonundan 3 tərəfdən güclü top atəşinə tutulmuşdur. Cavab atəşi ilə düşmən mövqeləri susdurulmuşdur, ölən və yaralananlar yoxdur.
ZƏNGİLAN
Sərhəd zonalarında nisbi sakitlikdir. Qafandan Canbaz kəndində Milli Ordunun 1 əsgəri sinəsindən ağır yaralanıb. Qafan tərəfdən Seyidlər və Şayıflı kəndi toplardan və iriçaplı silahlardan atəşə tutulmuşdur. Bütün gün ərzində atışma olmuşdur, ancaq axşam sakitlik olmuşdur.
Ağdam, Cəbrayıl, Füzuli və Tərtər bölgələrində nisbi sakitlik olmuşdur.
NAXÇIVAN
16:30-dan Ermənistanın Ararat rayonu tərəfindən Sədərək top və minaatanlardan atəşə tutulmuşdur. Nəticədə 6 nəfər yaralanmışdır. Axşam sakitlik olmuşdur.