Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı


QAZAX

İyulun 11-nə keçən gecə rayonun Aşağı Əskipara, Qızıl Hacılı və Quşçu Ayrım kəndləri Ermənistanın İcevan və Noyemberyan rayonlarının ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Fərəhli kəndi istiqamətindən ermənilərin iki nəfər kəşfiyyatçısı məhv edilmişdir.

AĞDAM

İyulun 11-nə keçən gecə səhərədək rayonun Abdal – Gülablı, Şelli kəndləri ermənilər cəmləşən Əsgəran tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Ermənilər Naxçıvanikə daxil olmaq cəhdlərini davam etdirirlər, lakin bunun qarşısı alınır.
Fərrux kəndinə ermənilərin zirehli texnikası: 10 tank və bir neçə BMP cəmlənib. Kəşfiyyatın gətirdiyi xəbərə görə, Xanabad istiqamətində 12 tank, 4 BMP, Əsgəran istiqamətində (sayı naməlumdur), Qala arxasında Xocalı tərəfə çoxlu maskirovka olunmuş zirehli texnika müşahidə olunmuşdur.
Xanabaddan saat 23:30-01:30-a qədər tanklardan atəş açılmışdır. Xramortdakı mövqelərimizə səhər pulemyotlardan atəş açılmışdır.

TƏRTƏR

Ermənilərdən təmizlənmiş kəndlərdə ordumuzun mövqeləri möhkəmlənir. İyulun 10-da axşam saat 23-də Möhrətaq və Meteşen kəndlərinin yaxınlığında iki erməni qulduru məhv edilib. Atışma nəticəsində bizimkilərdən bir nəfər yaralanıb.

TOVUZ

İyulun 10-da axşam saat 18-dən 19-a qədər rayonun Ağdam kəndi Ermənistanın Şəmşəddin rayonunun Çinar kəndi tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurulmuşdur. Bizimkilərdən bir nəfər yaralanmışdır.

GƏDƏBƏY

 İyulun 11-nə keçən gecə saat 3-dən 4-dək Mormor, Mutudərə və Düzrəsullu kəndləri Başkənd tərəfdən avtomat  silahlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.

Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrində sakitlikdir.

 
NAXÇIVAN

Dünən gecə saat 19:30-dan Mehri rayonu ərazisindən Ordubad şəhərinə atılan mərmi nəticəsində bir ev dağıdılıb. Ölən və yaralanan olmayıb. Gecə və bu gün səhər Sədərək müdafiə postları minaatanlardan, avtomat və pulemyotlardan atəşə tutulub. Təlafat yoxdur.