Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdam bölgəsində gərginlik davam edir. Keçən gecə rayonun Şelli, Mərzili, Saybalı və Novruzlu kəndləri Xocavəndin Qarakənd kəndindən “Qrad” tipli qurğulardan və toplardan atəşə tutlub. 5 nəfər kənd sakini yaralanıb. Dağıntı var. Düşmən qüvvələrinin Əsgəran, Xanabad istiqamətində cəmləşməsi davam edir.
İyulun 12-nə keçən gecə döyüşçülərimizin Cəbrayıl rayonunun Sur kəndindəki mövqeləri keçmiş Hadrut rayonunun Şaqax ərazisindən fasilələrlə atəşə tutulub.
İyulun 11-də saat 22-dən 24-dək Gədəbəy rayonunun İvanovka kəndi Ermənistanın Krasnoselsk rayonu ərazisindən avtomat silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Dünən saat 19:00-dan 21:00-dək Qubadlı rayonunun sərhəd kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Bu dəfə də düşmənə layiqli cavab verilib.
İyulun 11-də axşam saat 19-dan 20-dək və bu gün səhər saat 05-dən 13:00-dək Ağdərə rayonunun Ketavan və Çanaq kəndlərində yerləşən Azərbaycan Ordusunun Kəlbəcər bölmələri Vaquas yaşayış məntəqəsindən toplardan, zenit qurğularından və iri çaplı pulemyotlardan atəşə tutulub. Cavab atəşi ilə düşmənin mövqeləri darmadağın edilib. Düşmən qüvvələri xeyli itkiyə məruz qalıb.
İyulun 11-də saat 20:00-dan başlayaraq bütün gecəni və bu gün səhər Seyidlər, Yeməzli kəndləri və Şükürataz məntəqəsi Ermənistan ərazisindən atəşə tutulub. Yeməzli kəndində bir qadın yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə layiqli cavab veriblər.
Naxçıvan Muxtar Respublikası Sədərək qəsəbəsində ara-sıra atışmalar davam edir. Döyüş zamanı bir milis nəfəri (Əbdülrəhmanov Hidayət) snayper silahından atılan güllə ilə başından ağır yaralanıb.
Respublikanın digər bölgələri Qazax, Tovuz, Füzuli, Tərtərdə nisbi sakitlik müşahidə olunur.
Bu gün iyulun 12-də Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatlarına başlamasının bir ayı tamam olur. Bu müddət ərzində 45-dən artıq yaşayış məntəqələrimiz düşmənlərdən təmizlənib.