Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 1992 16:00

Müdafiə Nazirliyinin məlumatı

ZƏNGİLAN

Gün ərzində rayonun Yuxarı Yeməzli, Qazançı, Seyidlər, Şərikan kəndləri Ermənistanın Qafan rayonu ərazisindən toplardan ara-sıra atəşə tutulur. Təlafat olmamışdır. Mehri  rayonunun Zəngilanla sərhəd yaşayış məntəqələrində düşmənin zirehli texnikası və canlı qüvvəsi cəmləşir.

TOVUZ

İyulun 13-də saat 13-dən 15-ə qədər rayonun Ağdam kəndi Ermənistanın Berd rayonu ərazisindən avtomat və pulemyotlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır. Bir nəfər erməni qulduru məhv edilmişdir.

KƏLBƏCƏR

Ağdərə rayonunun Ketavan kəndində yerləşən Azərbaycan Ordusunun Kəlbəcər bölmələri gün ərzində Drmbon, Vaqauz və Arutunoqomer yaşayış məntəqələrindən toplardan, iriçaplı pulemyotlardan güclü atəşə tutulmuşdur. Bizimkilərdən iki nəfər şəhid olmuş, 6 nəfər isə yaralanmışdır.  Düşmənə cavab atəşi açılır, erməni qüvvələri xeyli itkiyə məruz qalmışdır.

CƏBRAYIL

İyulun 13-də saat 12-dən başlayaraq Sur kəndi keçmiş Hadrut rayonunun Şaqax kəndi istiqamətindən toplardan və avtomatlardan ara-sıra atəşə tutulur. Düşmən cavab atəşi ilə susdurulmuşdur. Azərbaycan Ordusunun əsgəri Ramiz Fərzəli oğlu ağır yaralanıb.

AĞDAM

Səhər saat 9-dan başlayaraq rayonun Abdal və Gülablı kəndləri Xocavənd rayonunun Təkil və Miri kəndləri istiqamətindən, Şelli və Xıdırlı kəndləri Əsgəran tərəfindən toplardan və pulemyotlardan atəşə tutulur.

Qubadlı, Qazax, Gədəbəy, Tərtər, Füzuli bölgələrində sakitlikdir.