Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Dövlət sərhədlərimiz Ermənistan tərəfindən yenidən pozulub. İyulun 15-i səhər tezdən Qubadlı rayonu Yuxarı Cibikli kəndi avtomatik qumbaraatanlardan atəşə tutulub. Bir əsgərimiz yaralanıb.
İyulun 14-də saat 22-dən 23-dək Zəngilan rayonunun Seyidlər və Vejnəli kəndləri də müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Təlafat olmayıb.
Bu gün saat 11-12 radələrində Tovuz rayonunun Hazalı yaşayış məntəqəsi qonşu respublika ərazisindən atəşə tutulub. 6 nəfər yaralanıb.
Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi iyulun 15-nə keçən gecə səhərədək Ermənistan ərazisindən ara-sıra atəşə tutulub.
Yuxarı Qarabağda ötən gecə döyüşlər bir qədər səngisədə bu gün bəzi bölgələrində şiddətlənib. Son günlər düşmən qüvvələri Vaquaz yaşayış məntəqəsindən mövqelərimizi müxtəlif təyinatlı silahlardan atəşə tutublar. İyulun 14-də Ağdərə rayonunun Ketavan kəndində 1 döyüşçümüz – Səmədov Etibar Muradxan oğlu həlak olub. Bu gün yenidən erməni hərbi qüvvələri Vaquaz kəndindən mövqelərimizə hücum ediblər. Azərbaycan Silahlı Qüvvələri düşmənin Qozlu körpüsünü keçmək cəhdinin qarşısını alıb, əks-hücuma keçiblər. Hazırda ordumuz Vaquaz istiqamətində hücumunu davam etdirir. 5 nəfər əsgərimiz yaralanıb. Ağdərə bölgəsinin şərqindəki Möhrətaq, Canyataq, Gülyataq kəndləri Kasapet yaxınlığındakı dağlardan minaatanlardan atəşə tutulublar. Möhrətaq kəndində 2 döyüşçümüz həlak olub, 17 nəfər yaralanıb. Düşmənlərdən bir neçəsi məhv edilib, 1 nəfər əsir alınıb, qalanları döyüş mövqelərini qoyub qaçıblar.
Ağdam rayonunun Qalayçılar kəndi iyulun 14-də axşam saat 18-dən 20-dək Ağdərə rayonunun Kiçan kəndi istiqamətindən “Qrad” tipli qurğulardan atəşə tutulub. Təlafat yoxdur.
Zəngilan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Gədəbəy, Qazax bölgələrində nisbi sakitlikdir.