Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Ordusunun sarsıdıcı zərbəsindən çaş-baş qalan erməni silahlı qüvvələri hərbi müvazinatını düzəltməyə can atır. Sərhəd yaşayış məntəqələrimiz yenidən Ermənistanda ara-sıra atəşə tutulub.
Zəngilan, Qubadlı və Naxçıvan respublikasının Şahbuz rayonları və Sədərək qəsəbəsi müxtəlif təyinatlı silahlardan atəşə tutulur. Sərhədlərimizin keşikçiləri düşmənə cavab atəşi açırlar.
Erməni ekspedisiya korpusu hissələrinin Füzuli rayonunun Cuvarlı, Cəbrayıl rayonunun Süleymanlı, Sur, Ağdam rayonunun Gülablı, Abdal, Mərzili, Şelli, Çuxurməhlə kəndlərinə hücumunu Azərbaycan Ordusu mətanətlə dəf edir.
İyulun 15-də saat 14-16 radələrində Hadrutdan Füzuli rayonunun ərazisinə tərkibində kimyəvi maddə olan 2 mərmi atılıb.
Yuxarı Qarabağın Ağdərə bölgəsində düşmənlərin mövqelərimizə hücum cəhdləri boşa çıxıb. İyulun 16-na keçən gecə saat 2-dək Canyataq və Gülyataq kəndləri erməni quldurlarının yuva saldığı Drmbon və Kiçan istiqamətindən toplardan və minaatanlardan atəşə tutulur. Ermənilər mövqelərimizi iyulun 16-da Drmbon və Arutunoqomerdən müxtəlif təyinatlı silahlardan atəşə tutub, Vaquaz   istiqamətindən hücuma keçərkən Azərbaycan Ordusunun güclü müqavimətilə rastlaşıb geri çəkilib. Bizimkilər əks-hücuma keçib. Vaquaz   uğrunda döyüş əməliyyatlarını genişləndirib döyüş üstünlüyünü əldə saxlayır. 2 döyüşçümüz həlak olub, 1 nəfər yaralanıb. Düşmən tərəfi xeyli itki verir. Son günlər ermənilər rusiya informasiya vasitələrinə yalan məlumat verib, məğlubiyyətlərini ört-basdır etmək istəyib. Ostankinonun xəbərlər və “Vesti” proqramları erməni mənbələrinə istinad edib məlumat yayıb ki, guya Ağdərə bölgəsində erməni hərbi qüvvələri 5 kəndimizi ələ keçirib və Sərsəng su anbarına nəzarət edir. Müxbirimizin həmin zonadan verdiyi məlumatda bildirilir ki,  bu ağ yalandır. Ordumuz torpaqlarımızı işğalçılarından təmizləmə əməliyyatını davam etdirir.