Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 İyul 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

AĞDƏRƏ

Dünən saat 18:15-də ermənilər Vaquazdan Qozlu (Ketavan) kəndinə hücuma keçməyə cəhd göstərmişlər. Cavab atəşi ilə düşmən geri oturdulub. Döyüş nəticəsində əsgərlərimizdən 5 nəfər yaralanıb. Hazırda Vaquaz kəndi uğrunda döyüşlər davam edir. Düşmən “Qrad” və “D-30” (qaubitsa) qurğularından istifadə edir. Qozlu (Ketavan) kəndi əsgərlərimizin əlindədir. Mövqelərimiz Vaquaz, Drmbon və Arutyunoqomer istiqamətlərindən top atəşinə tutulur.

FÜZULİ

İyulun 16-na keçən gecə Hadrut rayonunun Ağbulaq kəndi tərəfdən Cuvarlı kəndi ətrafındakı mövqelərimiz toplardan atəşə tutulub.  Bir əsgərimiz yüngül yaralanıb. Füzuli şəhərinə saat 14-16 radələrində 20-yə yaxın top mərmisi və “Alazan” raketi düşüb. Mərmilərin bəzisində ağ tozvari maddə aşkar edilib. Tədqiqat aparılır.
Düşmənin əlində olan Hoğa kəndi istiqamətində canlı qüvvə və texnikanın cəmləşməsi müşahidə olunur.

AĞDAM

Mərzili və Novruzlu kəndləri Qarakənd istiqamətindən top və “Qrad” qurğularından atəşə tutlub. Əhmədavar, Şelli və Çuxurməhlə kəndləri isə Əsgərandan atəşə tutulub. Ermənilərin canlı qüvvəsinin toplanması davam edir.
 Dünən saat 24:00-02:00 radələrində Canyataq və Gülyataq (Ağdərə) kəndlərindəki mövqelərimiz Kiçan və Drmbon istiqamətlərindən toplardan, minaatanlardan və PDM-dən atəşə tutulub.

CƏBRAYIL

Sur kəndi Hadrut rayonu istiqamətindən ara-sıra atəşə tutulur.

ZƏNGİLAN

İyulun 15-də Şükrətaz, Vejnəli, Ağbənd kəndləri Ermənistan ərazisindən atəşə tutulmuş, nəticədə Ağbənd kəndində bir əsgərimiz şəhid olub.
Qafan istiqamətində Seyidlər tərəfdən və Lokator deyilən yerdə güclü texnika cəmləşir.


QUBADLI

Dünən axşam Əyin və Çardaqlı kəndləri Qafan rayonu ərazisindən avtomat silahlardan və PDM-dən atəşə tutulub. Bir əsgərimiz yaralanıb. Novlu kəndi isə Gorus istiqamətindən dünən axşamdan toplardan müntəzəm olaraq atəşə tutulmuşdur.

TOVUZ

İyulun 16-na keçən gecə Hacıəli kəndi Ermənistan ərazisindən avtomat, pulemyot və avtomatik qumbaraatanlardan atəşə tutulub. Bir nəfər kənd sakini yaralanıb.

NAXÇIVAN

Sədərək qəsəbəsi dünən gecədən atəşə tutulur. Atışma davam edir.

Qazax və Gədəbəy rayonlarında nisbi sakitlik olmuşdur.