Son günlər düşmənin informasiya təxribatını genişləndirməsinə cavab olaraq həmvətənlərimizin nəzərinə çatdırırıq ki, təmizlənmiş yaşayış məntəqələrindən heç biri əldən verilməmişdir. İyulun 16-da bütün günü və 17-nə keçən gecə səhərədək Ağdərə bölgəsinin Vaquaz kəndi uğrunda şiddətli döyüşlər davam etmişdir. Bu döyüşlərdə Milli Ordunun 7 əsgəri:
1. Qocamanov Tofiq Əsədxan oğlu;
2. İbrahimov Mahmud Qələndər oğlu;
3. Baratov Müslüm Ağahəsən oğlu;
4. Səfərov Mehman Məmmədağa oğlu;
5. Köçərli Yalçın Rafiq oğlu;
6. Əhmədov Ayaz Əhməd oğlu;
7. Xalidov Fuad Faiq oğlu qəhrəmancasına həlak olmuşlar.
ALLAH ONLARA RƏHMƏT ELƏSİN!
Döyüş zamanı 27 erməni qulduru məhv edilmiş, 1 nəfər əsir götürülmüşdür.
Hal-hazırda Vaquaz uğrunda qızğın döyüşlər davam edir.
Yuxarı Qarabağın cənubunda fəallaşan düşmən Füzuli və Cəbrayıl rayonlarının ərazisini toplardan və “Qrad” tipli qurğulardan atəşə tutmuşdur. Cavab atəşi ilə ermənilərin iki “Qrad” qurğusu məhv edilmişdir. Biz tərəfdən 1 nəfər yaralanıb.
Ağdam və Tərtər istiqamətlərində döyüş və atışmalar olmamışdır.
Sərhəd zonasının Qazax, Tovuz, Qubadlı, Gədəbəy bölgələrində ötən gecə nisbi sakitlik olmuşdur. Zəngilanın Seyidlər kəndi Ermənistanın Qafan rayonu ərazisindən atəşə tutulmuşdur. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə və Ləkətağ kəndləri istiqamətlərində xeyli qüvvə toplayan erməni tərəfi rayonun sərhəd kəndlərini atəşə tuturlar. İyulun 16-dan başlayan döyüşlər nəticəsində Ərəfsə və Ləkətağ istiqamətindəki yüksəkliklər düşmənin əlinə keçmişdir. Bir əsgərimiz yaralanmışdır.
Bütün cəbhə boyu vəziyyətə nəzarət olunur.