Son günlər Yuxarı Qarabağın şimal hissəsində düşmən qüvvələri xeyli fəallaşıb. İyulun 19-da və 20-nə keçən gecə erməni ekspedisiya korpusunun hissələri xeyli hərbi texnika və canlı qüvvə toplayaraq Ağdərə bölgəsində bütün cəbhə boyu güclü əks-hücuma başlamışlar. Azərbaycan Ordusunun bölmələri işğalçılara qarşı qanlı mübarizəni davam edərək bütün cəbhə boyu hücumun qarşısını almaq üçün əməliyyatlar aparır. Hal-hazırda Ağdərə bölgəsinin bir neçə yaşayış məntəqələrində şiddətli döyüşlər gedir. Ölənlərin və yaralananların sayı dəqiqləşdirilir.
Ağdam rayonunun Şelli, Əhmədavar, Çuxurməhlə kəndləri Əsgəran istiqamətindən ara-sıra atəşə tutulur.
Füzuli və Cəbrayıl bölgələrində ötən gecə nisbi sakitlik olmuşdur.
Kəlbəcər bölgəsində yerləşən Azərbaycan Ordusunun hissələri Laçının bir neçə kəndini erməni işğalçılarından təmizləyərək Pircahan, Vaqazin, Ardışlı və Piçəniz yaşayış məntəqələrində mövqelərini möhkəmləndirir.
İki gün bundan əvvəl Gədəbəy rayonunda ermənilər tərəfdən əsir götürülən dörd nəfər dinc sakin geri qaytarılıb.
Zəngilan bölgəsində atəş olub.
Qazax, Tovuz, Gədəbəy və Qubadlı bölgələrində nisbi sakitlik olub.