Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsinə Ermənistandan Laçın dəhlizi vasitəsilə külli miqdarda hərbi texnika və canlı qüvvə toplayan erməni işğalçıları iyulun 19-da Ağdərə istiqamətində bütün cəbhə boyu əks-hücuma keçmişlər.
Azərbaycan Orusunun hissələri iyulun 21-nə keçən gecə tutarlı cavabla düşmənin əks-hücumunu zəiflədib. Milli Ordumuz bu gün iyulun 21-də bütün cəbhə boyu düşmənin əks-hücumunu darmadağın edib, Metşen, Mövrataq, Dəmirli, Aşağı Orataq, Kasapet yaşayış məntəqələrini işğalçılardan təmizləyiblər. Hazırda mövqelərimiz möhkəmləndirilir.
Azərbaycan Orusunun hissələri döyüş istiqamətini dəyişərək Umudlu kəndini müvəqqəti tərk etmişlər. Sərsəng su bəndinə yenidən Azərbaycan Silahlı Qüvvələri nəzarət edir. Döyüşlər davam etməkdədir.
İyulun 21-nə keçən gecə saat 4-ə kimi Ağdam şəhəri və Xıdırlı kəndi Əsgəran və Xanabad istiqamətindən toplardan atəşə tutulmuşdur.
Ermənistan sərhəd bölgələrimizə qarşı yenə də quldurluq siyasətini davam etdirir.
Füzuli və Cəbrayıl rayonlarının Divanalılar, Qaradağlı, Sur kəndləri iyulun 21-nə keçən gecə toplardan atəşə tutulmuşdur. İki kənd sakini yaralanmışdır.
Zəngilan rayonunun Seyidlər, Qazançı kəndləri Ermənistanın Qafan rayonundan arabir atəşə tutulur.
İyulun 21-nə keçən gecə saat 5-ə qədər Gədəbəy bölgəsinin Şınıx zonası və İvanovka kəndi Ermənistanın Krasnoselsk rayonundan müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
Ağstafa rayonunun Köhnə Qışlaq və Ağköynək kəndləri iyulun 20-də saat 18-dən 20-dək Ermənistanın İcevan rayonundan tanklardan, toplardan, iriçaplı pulemyotlardan atəşə tutulub. 5 nəfər yerli sakin həlak olub.
İyulun 21-də saat 2-3 radələrində ermənilər Köhnə Qışlaq kəndinə hücum etmişlər. Düşmənin 1 tankı heyəti ilə birlikdə məhv edilmiş, işğalçılar qaçmağa məcbur olmuşlar.
Qubadlı, Tovuz bölgələrində və Naxçıvan Muxtar Respublikasında ötən gecə nisbi sakitlik olmuşdur.