İyulun 23-nə keçən gecə Kəlbəcər bölgəsində vəziyyət kəskinləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri 3 istiqamətdə Kəlbəcər ərazisinə hücuma keçiblər. Ermənilər Respublikamızın dövlət sərhəddini pozaraq Yuxarı Ayrım kəndinə basqın ediblər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin hücumunu dayandırıb. Ermənilər itki verərək geri çəkiliblər.
İkinci istiqamət Laçının işğal edilmiş kəndləri səmtindən olub. Bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşməni geri oturdub.
Hazırda ermənilər Aterk istiqamətində möhkəmlənməyə can atır. Ağdərə rayonu ərazisində itirdikləri mövqelərini bərpa etməyə çalışırlar. Aterk istiqamətində ağır döyüşlər gedir.
İyulun 23-nə keçən gecə Ağdam şəhəri, Xıdırlı, Çuxurməhlə kəndləri Əsgəran-Xanabad istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Düşmənin atəş nöqtəsində yerləşdirdiyi bir top və 12 nəfər erməni quldurunu döyüşçülərimiz məhv edib. Ötən gecə sərhəd bölgələrimizdə nisbətən sakin keçib. Tovuz rayonunun Ağdam kəndi Ermənistanın Berd rayonu ərazisindən avtomat və pulemyotlardan atəşə tutulub. Bir əsgərimiz yaralanıb. Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi ara-sıra Ermənistandan atəşə tutulub. Zərər çəkən yoxdur. Qazax, Ağstafa, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli bölgələrində nisbi sakitlik olub.