Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyul 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

KƏLBƏCƏR

İyulun 23-nə keçən gecə vəziyyət kəskinləşmişdir. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 3 istiqamətdə rayon ərazisinə hücuma keçmişlər. Ermənilər Respublikamızın dövlət sərhədini pozaraq Yuxarı Ayrım kəndinə basqın etmişlər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin hücumunu dayandırmışdır. Ermənilər itki verərək geri çəkilməyə məcbur olmuşlar. İkinci istiqamət Laçın rayonunun işğal edilmiş kəndləri səmtindən olmuşdur. Bu dəfə də Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşməni geri oturtmuşlar.
Hazırda ermənilər Aterk istiqamətində möhkəmlənməyə can atır. Ağdərə rayonu ərazisində itirdikləri mövqeləri bərpa etməyə çalışırlar. Aterk istiqamətində ağır döyüşlər gedir.

AĞDAM

İyulun 23-nə keçən gecə Ağdam şəhəri, Xıdırlı və Çuxurməhlə kəndləri Əsgəran-Xanabad istiqamətindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Düşmənin atəş nöqtəsində iki top və 12 erməni qulduru döyüşçülərimiz tərəfindən məhv edilmişdir.

TOVUZ

İyulun 22-də axşam Ağdam kəndi Ermənistanın Berd rayonu ərazisindən avtomat və pulemyotlardan atəşə tutulub. Milli Ordunun bir əsgəri yaralanıb.

NAXÇIVAN

İyulun 23-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi Ermənistan ərazisindən ara-sıra atəşə tutulmuşdur. Zərərçəkən yoxdur.
Qazax, Ağstafa, Gədəbəy, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələrində sakitlikdir.