TƏRTƏR
Ötən gecə Ağdərə ərazisində vəziyyət gərgin olaraq qalmışdır. Möhrətaq, Metsşen, Dəmirli, Aşağı Orataq, Kasapet kəndlərinə Azərbaycan Ordusunun hissələri nəzarət edir. Hazırda bu yaşayış məntəqələri ətrafında şiddətli döyüşlər davam edir.
Sərsəng su bəndinin 1 km-lik məsafəsinə bizim qüvvələr nəzarət edir. “Vesti” proqramının yaydığı məlumatda deyilirdi ki, guya ermənilər yenidən Mardakertə daxil olmuşlar. Bu xəbər ağ yalandır. Hazırda cəbhə xətti Ağdərədən xeyli aralı keçir və rayon mərkəzi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır.
AĞDAM
İyulun 24-nə keçən gecə Yuxarı Qarabağla bitişik kəndlərimiz Əsgəran-Xanabad istiqamətindən atəşə tutulmuşdur. (Qeyri-dəqiq məlumata görə Ağdam istiqaməti hücuma keçməyə hazırlaşır).
ZƏNGİLAN
İyulun 23-də saat 18:00-dan 21:00-dək Vejnəli və Bartaz kəndləri Ermənistanın Mehri rayonu ərazisindən “Qrad” tipli qurğulardan, iriçaplı pulemyotlardan atəşə tutulmuşdur.
KƏLBƏCƏR
İyulun 24-nə keçən gecə İmarət-Qərvənd, Çapar, Zərdəxaç kəndləri ətrafında döyüşlər davam etmişdir. Umudluda mühasirəyə düşənlərin 31 nəfəri Kəlbəcərə tərəf, qalanları isə Tərtər və Xanlar-Goranboy istiqamətində çıxmışlar. Alınan məlumata görə 4 nəfər həlak olanları Umudluda dəfn etmişlər.
Mühasirədən çıxanlar Kəlbəcərə toplaşırlar.
Qazax, Tovuz, Gədəbəy, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli bölgələrində sakitlik olmuşdur.