Ötən axşam və gecə cəbhələrimizdə əvvəlkindən xeyli sakit keçmişdir. Təkcə Ağdam bölgəsində axşam saat 21:30-da Xocavənd rayonu Qarakənd tərəfindən Gülablı kəndinə atəş açılmışdır. Həmçinin Xanabad və Əsgəran istiqamətlərindən Ağdam şəhəri və ətraf kəndlər top və “Qrad” atəşinə məruz qalmışlar. Bir nəfər yaralanıb.
İyulun 25-nə keçən gecə Ağdərə rayonunun ərazisində döyüş əməliyyatları davam etmişdir. Qabaqcadan tutduğumuz mövqelər yenə də Azərbaycan Milli Ordusunun nəzarəti altındadır. Ermənilər Kasapet ətrafındakı hündürlüklərdən bizim Metsşen və Möhrətaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Axşam saat 18:00-dan 20:00-dək Cəbrayıl rayonunun Sur kəndi keçmiş Hadrut rayonu ərazisindən toplardan, iriçaplı pulemyotlardan atəşə tutulmuşdur. Tələfat və dağıntı yoxdur. Sərhəd bölgələrimizdə gecə ümumən sakit keçmişdir. Zəngilan rayonunun sərhədyanı kəndləri avtomatlardan və pulemyotlardan atəşə tutulub. Tələfat olmayıb.