İyulun 25-nə keçən gecə Ağdərə rayonunun ərazisində döyüşlər davam edib. Ermənilər Kasapet ətrafındakı hündürlüklərdən Metsşen və Möhrətaq kəndlərindəki mövqelərimizi atəşə tutublar. Hazırda Sərsəng su bəndi ətrafındakı strateji yüksəkliklərə bizim ordu nəzarət edir. Düşmən Azərbaycan Silahlı Qüvvələrinin həmləsinə tab gətirməyib Kasapet kəndini tərk edib. Ağdərə ərazisində erməni işğalçılarından təmizlənən yaşayış məntəqələrinə Azərbaycan Ordusunun hissələri nəzarət edir.
İyulun 24-də Ağdam bölgəsində saat 21:30-da Xocavənd rayonunun Qarakənd istiqamətindən Gülablı kəndinə müxtəlif təyinatlı silahlardan atəş açılıb. Xanabad və Əsgərandan Ağdam şəhəri və Yuxarı Qarabağla bitişik kəndlər top və “Qrad” atəşinə tutulub. Bir nəfər yaralanıb.
İyulun 24-də saat 18:00-dan 20:00-dək Sur kəndi keçmiş Hadrut rayonundan toplardan, iriçaplı pulemyotlardan atəşə tutulub. Buna cavab olaraq, bu gün Azərbaycan Hərbi Hava Qüvvələri düşmənin Xocavənd və keçmiş Hadrut rayonları ərazilərindəki atəş nöqtələrini darmadağın etmişdir.
Sərhəd bölgələrimizdən Qazax rayonunun Fərəhli, Tovuz rayonunun Əlibəyli və Muncuqlu, Zəngilan rayonunun sərhədyanı kəndləri iyulun 25-nə keçən gecə Ermənistandan avtomat və pulemyotlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
İyulun 25-də Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi Ermənistandan avtomat pulemyotlardan fasilələrlə atəşə tutulub.
İrandan Ermənistana Mehri rayonundan keçərək yanacaq və sursatla dolu maşın karvanı yola düşmüşdür.