Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağda və bitişik bölgələrdə döyüşlər səngimir. İyulun 28-də bütün gün ərzində Ağdərə bölgəsində, Sərsəng su anbarı ətrafında yerləşən bir neçə yaşayış məntəqələrində şiddətli toqquşmalar davam edib. Erməni birləşmələrinin hücumunun qarşısı alınıb. Buna baxmayaraq vəziyyət gərgin olaraq qalır. Bu gün iyulun 28-də erməni ekspedisiya korpusunun hissələri Möhrətaq kəndinə hücuma keçiblər. Azərbaycan Ordusunun döyüşçüləri düşmənin 2 tankını və xeyli canlı qüvvəsini məhv ediblər. Kəndin müdafiəçilərindən iki nəfəri həlak olub, 7 nəfəri yaralanıb. Hal-hazırda döyüş davam edir. Kasapet istiqamətində də atışmalar gedir.
Bu gecə Ağdam rayonunun Şelli, Xramort, Abdal, Gülablı kəndləri, Füzuli rayonunun Dövlətyarlı kəndi və rayon mərkəzi Əsgəran və Hadrut istiqamətlərindən toplardan və “Qrad” tipli qurğulardan atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
İyulun 27-də və 28-də Respublikamızın sərhəd bölgələrində ümumi vəziyyət kəskinləşib. İyulun 27-də və 28-nə keçən gecə Tovuz rayonunun Ağdam və Əlibəyli kəndləri, Qazax rayonunun İşıqlı kəndi Ermənistanın ərazisindən atəşə tutulub. İşıqlı kəndi istiqamətində erməni quldurlarının bir UAZ markalı maşını içindəkilər ilə birlikdə partladılıb. 9 nəfər erməni yaraqlısı öldürülüb. Döyüşçülərimizdən bir nəfər həlak olub. İyulun 28-nə keçən gecə Zəngilan rayonununYuxarı Yeməzli, Kollu, Quyudərə, Ağbiz, Seyidlər kəndləri Qubadlı rayonunun Saldaş, Çərəli, Göyyal kəndləri Ermənistanın Qafan rayonu ərazisindən toplardan və “Qrad” tipli qurğulardan atəşə tutulub. Qubadlı bölgəsində bir nəfər qadın həlak olub, bir neçə ev dağıdılıb, 20 hektar taxıl zəmisi yandırılıb. İyulun 28-də saat 15:00-dan sonra Laçın rayonunun Səfiyan kəndi erməni mövqelərindən toplardan, PDM-dən və minaatanlardan güclü atəşə məruz qalmışdır. Bir nəfər döyüşçümüz şəhid olub, iki nəfər isə yaralanıb. Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd zonasında sabitlik bərpa olunmur və atışmalar davam edir. İyulun 27-də axşam tərəfi Sədərək qəsəbəsi və Şahbuz rayonunun Şada kəndi Ermənistan ərazisindən atəşə tutulub. Bir nəfər həlak olub, iki nəfər yaralanıb. Bu gün isə (İyulun 28-də) saat 09:30-dan başlayaraq Sədərək yenidən atəşə tutulub. Beş nəfər yaralanıb. Atışma davam edir.
Bütün cəbhə boyu Azərbaycan Silahlı Qüvvələri vəziyyətə nəzarət edir.