Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 1992 17:00

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində erməni ekspedisiya korpusunun hissələrinin hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən alınıb. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əks-hücuma keçib ermənilərin dünən işğal etdikləri Aşağı Orataq, Dəmirli, Maqavuz kəndlərini düşmənlərdən tamamilə azad etmişlər. Hazırda Metsşen, Möhrətaq və Kasapet kəndləri ətrafında qızgın döyüşlər gedir. Dünən və bu gün döyüşlərdə düşmənin iki zirehli texnikası vurulub və xeyli canlı qüvvəsi məhv edilib.  Silahlı Qüvvələrimiz Ağdərə rayon mərkəzi və onun ətrafındakı yaxın kəndlərə tam nəzarət edir.  Ağdərə ətrafında tutarlı cavab alan düşmən qüvvələri öz hücumlarının səmtini dəyişərək Kəlbəcərin Ağdaban və Qaragöl məntəqələrini Drmbon istiqamətindən “Qrad” qurğularından, top və tanklardan intensiv atəşə tuturlar. İyulun 30-na keçən gecə və gün ərzində Ağdam rayonunun Abdal, Güalablı, Şelli, Əhmədavar, Çuxurməhlə və Papravənd kəndləri Yuxarı Qarabağın ermənilər yaşayan kəndləri istiqamətindən müxtəlif silahlardan atəşə tutulub. Nəticədə iki nəfər yaralanıb. Daşbaşı və Sur kəndləri keçmiş Hadrut rayonu ərazisindən atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
İyulun 30-na keçən gecə sərhəd bölgələrində vəziyyət nisbətən sakit olub. Laçının Səfiyan və Güləbird kəndləri, Zəngilan rayonunun Şükürataz, Şərikan və Yuxarı Yeməzli kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi Ermənistan ərazisindən top, minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub. Bütün hallarda düşmənə layiqli cavab verilir.