Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 1992 17:01

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində vəziyyət ağır olaraq qalır. Erməni birləşmələri Ağdərə istiqamətində kifayət qədər canlı qüvvə və texnika ehtiyatı əldə edərək bütün cəbhə boyu hücuma keçmişlər. Metsşen, Möhrataq, Maqavuz yaşayış məntəqələri ətrafında bütün günü şiddətli döyüşlər gedir. Bu kəndlər bir neçə dəfə əldən-ələ keçir və hər iki tərəf burada itki verir. Ağdərə və onun həndəvəri Ağağı Orataq kəndi daxil olmaqla bizim əlimizdədir. Kəlbəcər bölgəsinin Ağdaban kəndi, Ağdərənin Çapar və Aterk yaşayış məntəqələri istiqamətindən toplardan, “Qrad” tipli qurğulardan, tanklardan və minaatanlardan müntəzəm atəşə tutulur. 6 əsgərimiz həlak olub, 14 nəfər yaralanıb.
Kəlbəcər bölgəsində yerləşən Azərbaycan Ordusunun hissələri cənub istiqamətində hərəkət edərək dünən saat 11-12 radələrində Laçın şəhərinin 10 km şimal-qərbindəki Hocaz kəndi ətrafına çıxmışlar. Döyüş nəticəsində 17 düşmən əsgəri məhv edilmiş, 1-i isə əsir tutulmuşdur. Laçın batalyonu igidlərindən Əmirov Səməd, Qiyasov Müzəffər, Babaverdiyev Vüqar, Alxasov Qasım, Bəylərov Polad, Məmiyev Kamil və Asəf qardaşları şəhid olmuşlar. Hocaz uğrunda döyüşlər davam edir.
İyulun 30-da Ağdərə bölgəsinin Canyataq və Gülyataq kəndlərinin ətrafında döyüş zamanı 1 nəfər əsgərimiz şəhid olmuş və 7 nəfər yaralanmışdır. İyulun 31-nə keçən gecə keçmiş Hadrut rayonunun Qırmızı Bazar kəndindən Füzulinin Qacar kəndinə atılan mərmi nəticəsində bir ev dağıdılıb, iki nəfər yaralanıb.
Respublikamızın sərhəd bölgələrində ara-sıra atışmalar gedir. İyulun 31-nə keçən gecə Laçın bölgəsinin Səfiyan, Qubadlı rayonunun Saldaş, Çələli kəndləri, Zəngilanın Yuxarı Yeməzli, Seyidlər kəndləri Ermənistanın ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur. Cavab atəşi ilə düşmən susdurulub.
Qazax, Tovuz və Naxçıvan MR-da ötən gecə nisbətən sakit keçmişdir.