QUBADLI
Axşam Səfiyan, Güləbird kəndlərinə minaatanlardan, tanklardan atəş açıblar. Saldan-Çərəli zonasında da atışma olub. Təlafat yoxdur. Səhər döyüşlər ara verib. Hələlik sakitlikdir.
KƏLBƏCƏR
Dünən axşam hər iki tərəfdən (Laçın və Ağdərə) Kəlbəcər rayonu hücumlara məruz qalmışdır. Vaquaz-Aterk istiqamətindən top, minaatan, QRAD və PDM-dən ermənilər döyüşlərdə istifadə etmişlər. Döyüş zamanı 4 əsgərimiz (Kərimov Füzuli Kərim o. – Əliyev Aruz Bərgüşad o. – 2 nəfər dəqiqləşdirilir) şəhid olmuş və 6 nəfər yaralanmışdır. Hələlik döyüşlər ara vermişdir.
ZƏNGİLAN
Dünən bütün gün ərzində və gecə saat 3-dək Qafan rayonu ərazisindən Yuxarı Yeməzli və Seyidlər kəndlərinə müxtəlif təyinatlı silahlardan atəş açıblar. Təlafat yoxdur.
FÜZULİ
Dünən axşam Hadrut rayonunun Qırmızı Bazar kəndindən Füzulinin Qacar kəndinə atılan mərmi nəticəsində bir ev dağıdılıb. 2 nəfər yaralanıb.
AĞDAM
Azərbaycan Ordusunun əsgərləri dünən Canyataq və Gülyataq kəndlərini tam ələ keçirmişlər. Lakin qonşuların (Y.Rzayevin) köməyə gəlməməsi nəticəsində qoşunlarımız məcbur olub tutduqları mövqelərdən geri çəkilmişlər. İndi həmin mövqelərdə ermənilər yerləşirlər. Döyüş zamanı bir əsgərimiz şəhid olmuş, 7 nəfər yaralanmışdır.
TOVUZ
İyulun 31-də saat 23 radələrində Əlibəyli kəndi Berd rayonunun Mosesgex kəndi ərazisindən avtomat və pulemyotlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
KƏLBƏCƏR
Avqustun 1-nə keçən gecə Ağdərənin Çapar, Aterk, Vaquaz yaşayış məntəqələrindən rayonun Ağdaban kəndi müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Düşmənə layiqli cavab verilib. Vəziyyət gərgin olaraq qalır. Azərbaycan Silahlı Qüvvələri Xoçaz kəndinə daxil olub, sonra isə Kəlbəcər istiqamətində (Pircamal kəndi) çəkilmişlər. Hazırda kənd bizim nəzarətimiz altındadır.