Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Qazax


Dünən gün ərzində və iyunun 30-na keçən gecə saat 2:00-dək Qızıl-Hacılı və Quşçu-Ayrım kəndləri Ermənistan ərazisindən atəşə tutulmuşdur. Nəticədə 1 nəfər həlak olmuşdur, 6 nəfər yaralanmışdır.


Laçın


İyunun 29-da saat 18:30-dan 23:00-dək rayonun Güləbird kəndi Ermənistanın Gorus rayonu ərazisindən atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır. Nəticədə biz tərəfdən bir nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.


Zəngilan


İyunun 29-dan 30-na keçən gecə Vejnəli, Ağkənd, Seyidlər, Qazançı və Günqışlaq kəndləri Ermənistanın Mehri və Qafan rayonları ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.
Rayonun Şükürtaz kəndində 2 saata yaxın döyüş gedib. Düşmən itki verərək geri çəkilmişdir. Biz tərəfdən 1 nəfər yaralanıb. Bartaz dağının ən yüksək zirvəsindən ermənilər bizim qızıl yataqlarımıza yol çəkirlər.


Füzuli


İyunun 30-na keçən gecə Qaradağlı, Gorazıllı, Güləhmədli kəndləri top atəşinə tutulub. Qaradağlıda yaralananlar var. Gövşad kəndi də atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmış və o geri oturdulmuşdur.
İyunun 30-da saat 6-dan başlayaraq şəhər “Qrad” tipli raketlərdən atəşə tutulur. Vəziyyət gərgin olaraq qalır.
Azərbaycan Ordusunun apardığı əməliyyat nəticəsində tutduğu mövqelər möhkəmləndirilir.


Ağdam


İyunun 29-da saat 23:00-dan başlayaraq Əsgəranda yerləşən erməni birləşmələri Xramort kəndinə hücum etmişlər. Lakin onların bu cəhdi baş tutmamışdır. Düşmən itki verərək geri çəkilmişdir. Biz tərəfdən 1 nəfər həlak olmuş, bir nəfər isə yaralanmışdır. Düşmənin bütün atəş nöqtələri susdurulmuşdur.
Şəhər fasilələrlə top atəşinə tutulur.