Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağ bölgəsində vəziyyət gərgin olaraq qalır. Sonuncu günlərini yaşayan erməni silahlı birləşmələri, hələ də müqavimət göstərir. Bütün bunlara baxmayaraq, yüksək döyüş əhval-ruhiyyəsi malik olan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu düşməni geri oturtmuşlar. Ermənilərin minaladığı sahələr təmizlənir, düşmənin tutduğu mövqelər darmadağın edilir.
Ağdərə istiqamətində döyüşçülərimiz düşməni sıxışdırır. Bu gün 2 erməni kəşfiyyatçısı məhv edilmişdir.
Dünən gedən döyüşlərdə Tərtər batalyonunun topçusu Fərəcov Vahid Musa oğlu xüsusilə fərqlənmişdir. Vahid düşmənin 1 tankını vurub məhv etdikdən sonra, ermənilər onun dayandığı mövqeni “Qrad” tipli qurğulardan atəşə tutublar. Düşmənin atdığı mərmilər Vahidin yanına düşərək, ehtiyat-hərbi sursat yeşiklərinin alovlanmasına səbəb olmuşdur. Vahid mərmilərlə dolu olan alovlanan yeşiyi götürərək uzaq məsafəyədək qaçmış, təhlükəsiz yerə tullamışdır. Beləliklə, yaxınlıqda döyüşən əsgərlərimizin həyatını xilas etmişdir. Vahid özü də sağ qalmışdır.
İyunun 29-dan 30-na keçən gecə və bu gün Ağdam rayonunun Papravənd kəndi ermənilər tərəfdən atəşə tutulub. Düşmən cavab atəşi ilə geri oturdulub. Atışma nəticəsində Daxili Qoşunların 2 döyüşçüsü şəhid olub.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Əsgəran-Xanabad-Fərrux istiqamətlərində yerləşən düşmən mövqelərini atəşə tutmağa başlamışlar. Əsgəran istiqamətində düşmən sıxışdırılır.
Krasnı Bazar səmtində Milli Ordunun döyüşçüləri öz mövqelərini möhkəmləndirməkdə davam edir. Düşmənin bir neçə atəş nöqtəsi darmadağın edilərək, susdurulmuşdur. Dünən döyüşçülərimiz Hadrutun 4 kilometrliyinədək irəliləyərək, Xırmancıq kəndini düşmənlərdən tamamilə təmizləmişlər.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Şaqax istiqamətində döyüşləri davam etdirir. Düşmənin müqavimətləri ram olunur.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində vəziyyət sabitləşmişdir. İyunun 30-na keçən gecə Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndləri Ermənistan ərazisindən atəşə tutulub. Düşmənin həmlələri dəf olunmuşdur. Bu atışmalar nəticəsində Milli Ordunun 1 əsgəri şəhid olmuş, 6 nəfər yaralanmışdır. Döyüşçülərimiz düşmənin hücumlarını istənilən vaxt dəf etmək üçün hazırdırlar.
Bu gün Qubadlı rayonunun Tarovlu kəndi Qafan ərazisindən ermənilərin hücumuna məruz qalmışdır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin hücumlarını dəf etmişdir. Döyüşçülərimiz düşmənin dayandığı səmti atəşə tutur.
Düşmənlər dünən gecə Laçın rayonunun Güləbrid kəndini də atəşə tutublar. Nəticədə Milli Ordunun 1 əsgəri şəhid olmuş, 2 nəfər yaralanmışdır. Əsgərlərimiz öz mövqelərini fədakarlıqla qoruyurlar. Cavab atəşi ilə düşmən susdurulur.
Dünən gecə Zəngilan rayonunun Vejnəli, Ağkənd, Qazançı, Seyidlər və Günqışlaq kəndləri Mehri və Qafan rayonları ərazisindən atəşə tutulub.
Bu gün düşmənlər rayonun Şükürtaz kəndinə hücuma keçmişlər. 2 saata yaxın döyüşlər getmişdir. Milli Ordunun döyüşçüləri düşməni əzərək geri çəkilməyə məcbur etmişlər. Düşmən canlı təlafat verərək geri çəkilmişdir.
Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi Ermənistan ərazisindən minaatanlardan, qumbaraatanlardan və zirehli texnikalardan atəşə tutulur. Milli Ordunun döyüşçüləri cavab atəşi ilə düşməni susdurmuşlar.