Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağ bölgəsində döyüşlər davam edir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə düşmənin hücumlarını dəf edərək irəliləyirlər.
Bu gün səhər saat 6:15-də erməni silahlı birləşmələri Ağdərə rayonunun Levonarx səmtində Milli Ordunun cəbhə xəttini yarmağa cəhd göstərmişdir. Döyüşçülərimiz hərbi texnika və canlı qüvvə cəhətdən xeyli üstünlük təşkil edən erməniləri yaxın məsafəyədək buraxaraq, sonra ciddi məğlubiyyətə uğratmışlar. Erməni tərəfin 100-dən artıq canlı qüvvəsi və bir neçə hərbi texnikası məhv edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə istiqamətində uğurlu döyüş əməliyyatlarını davam etdirir. Erməni silahlı birləşmələri itkilər verərək geriyə çəkilir.
Əsgəran cəbhəsində vəziyyət gərgin olaraq qalır. Döyüşçülərimiz düşmənin həmlələrini fədakarlıqla dəf edirlər. Düşmənin Kətik kəndində yerləşən qüvvələri dağıdılmışdır.
Bu gün səhər saat 9-da Ağdərə istiqamətində sıxışdırılan erməni silahlıları Ağdam rayonunun Papravənd kəndini atəşə tutublar. Quldurlar kənddəki həbsxana düşərgəsinədək gəlib çıxmış, sonra Milli Ordunun qüvvələri tərəfdən vurulub geri qovulmuşlar. Gərgin döyüşlər zamanı əsgərlərimizdən 2 nəfər şəhid olmuşdur.
Bu gün rayonun Abdal, Gülablı, Qalayçılar və Papravənd kəndləri uzaq məsafələrdən atəşə məruz qalmışdır. Bütün istiqamətlərdə düşmənə cavab atəşi açılaraq susdurulmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Əsgəran səmtində döyüş əməliyyatlarını davam etdirirlər.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Hadrut istiqamətində başlanılmış döyüş əməliyyatlarını genişləndirməkdə davam etdirirlər. Döyüşçülərimiz düşmənin müqavimətini qıra-qıra Krasnı Bazar qəsəbəsinədək irəliləmişlər. Gərgin döyüşlər zamanı erməni tərəf çoxlu canlı itki vermişdir. Bu döyüşlərdə ilkin məlumata görə Milli Ordunun 14 əsgəri şəhid olmuşdur. Yaralananlar var. Döyüşlər davam edir. Düşmənlərdən təmizlənmiş mövqelərdə əsgərlərimiz möhkəmlənirlər. Döyüşçülərimizin qələbə əhval-ruhiyyəsi yüksəkdir.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Şaqax və Sur kəndləri istiqamətində daha uğurlu əməliyyatlar keçirmişlər. Sur kəndi tamamilə düşmənlərdən təmizlənmişdir. 15 nəfərdən artıq erməni əsir düşmüşdür. Hazırda Şaqax kəndinin düşmənlərdən təmizlənməsi uğrunda döyüşlər gedir. Mövqelərini itirərək geri çəkilən ermənilər, uzaq məsafələrdən Cəbrayıl rayonunu “Qrad” tipli raket qurğusundan atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub.
Kəlbəcər, Goranboy, Qubadlı, Zəngilan, Tovuz və Gədəbəy bölgələrində nisbi sakitlikdir. Sədərək qəsəbəsi ara-sıra atəşə məruz qalsa da, Naxçıvan Muxtar Respublikasının ərazisində də nisbi sakitlikdir.
Qazax bölgəsində isə vəziyyət gərgin olaraq qalır. Dünən gecə rayonun Xanlıqlar, Cəfərli, Quşçu Ayrım və Qızılhacılı kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Düşmənə cavab atəşi açılaraq susdurulub.
İki gün ərzində gedən gərgin döyüşlər nəticəsində döyüşçülərimiz “Satılmış qaya” yüksəkliyini tamamilə düşmənlərdən təmizləmişlər. Ermənilər bu döyüşlərdə 15-dən artıq canlı qüvvə, 1 tank, 1 piyadaların döyüş maşını, 2 top itirmişlər. Düşmənlə aparılan bu gərgin döyüşlər zamanı 6 əsgərimiz şəhid olmuşdur.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir. Allah onlara rəhmət eləsin!