Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Tərtər


İyunun 27-də Qapanlı-Şotlanlı istiqamətində ermənilər hücuma keçmişlər. Hücumun qarşısı alınmışdır. Mingəçevir bölüyünün döyüşçüləri bu dəfə erməniləri daha yaxın məsafəyə buraxaraq, əzib məhv etmişlər. Uğurlu döyüşlər zamanı düşmənin 2 PDM-i, 1 piyadaları daşıyan avtomobili və 1 “Qrad” qurğusu məhv edilmişdir.
Madagiz istiqamətində ermənilərin kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmişdir. Yaxşı döyüş hazırlığına malik olan Mingəçevir bölüyü bu dəfə də erməniləri geri oturtmuşdur. Düşmənlər fasiləsiz atəşlərə məruz qalaraq, canlarını qurtarmaq üçün minalanmış sahədən keçməyə məcbur olmuşlar. Mingəçevir bölüyü düşməni təqib etməyə başlamışdır. Geri çəkilə-çəkilə müdafiə olunmaq istəyən ermənilər, minaya düşmüşlər. 4 nəfər ölmüş, 4 nəfər də yaralanmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin Artilleriya briqadası da uğurlu döyüş əməliyyatları keçirərək, Ağdərə istiqamətinə cəmləşən düşmənlərin mövqelərini fasiləsiz atəş altında saxlamışdır. Nəticədə ermənilərin 2 batareyası susmağa məcbur olmuşdur. Briqada hazırda öz döyüş mövqeini gücləndirir. İstənilən vaxt erməni silahlı birləşmələrini susdurmağa hazırdır. Ağdərə uğrunda döyüşlər davam edir.


Ağdam


İyunun 27-dən 28-nə keçən gecə rayonun Şelli kəndi ermənilər tərəfdən atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
Dünən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Əsgəran istiqamətində keçirilən döyüş əməliyyatlarını genişləndirmişlər. Döyüşçülərimiz düşmənin əlində olan Pir-qaya yüksəkliyindəki postları ələ keçirmişlər. Ermənilər ciddi məğlubiyyətə uğrayaraq, canlı təlafat verərək geri çəkilmişdir. Milli Ordunun əsgərləri ermənilərə məxsus 1 zirehli texnikanı vurub məhv etmişlər. Döyüşlər davam edir.


Qazax


Qızılhacı kəndi düşmənlər tərəfindən atəşə tutulur. Döyüşçülərimizdən 3 nəfər şəhid olub. Düşmənə cavab atəşləri açılır.


Cəbrayıl


İyunun 27-də saat 11-də rayon ərazisi ermənilərin atəşinə məruz qalıb. Atışma nəticəsində Milli Ordunun 2 əsgəri yaralanıb. Cavab atəşi ilə düşmən geri oturdulub.


Naxçıvan


Dünən saat 18:30-da Şahbuz rayonunun Batabat yaylağı atəşə tutulub. Canlı təlafat olmamışdır.
Ordubad rayonu istiqamətində ermənilərin xeyli canlı qüvvəsi və zirehli texnikası cəmləşir.

Qalan bölgələrdə nisbi sakitlikdir.