Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyun 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ torpaqlarının düşmənlərdən azad edilməsi uğrunda döyüş əməliyyatlarını bütün cəbhə boyu genişləndirmişlər. Xeyli hərbi texnika və canlı qüvvə ehtiyatı toplamasına baxmayaraq, erməni silahlı birləşmələri bütün istiqamətlərdə dəf olunur. Üstünlük, əvvəlki kimi Azərbaycan Ordusunun tərəfindədir.
Bu gün Milli Ordunun döyüşçüləri Əsgəran istiqamətində xeyli irəliləmişdir. Düşmənin möhkəmləndiyi Pir-qaya yüksəkliyi ələ keçirilmiş, burdakı 2 post dağıdılmışdır. Döyüşlər davam edir.
Ağdərə uğrunda keçirilən əməliyyatlar nəticəsində Milli Ordunun döyüşçüləri düşmənin bir neçə hərbi texnikasını məhv etmişdir. Düşmənin müqaviməti dəf olunur. Erməni tərəf canlı təlafat verir. Döyüşlər davam edir.
Yuxarı Qarabağ cəbhəsinin ən gərgin nöqtələri Krasnı Bazar və Şaqax-Sur istiqamətləridir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri gərgin döyüşlər keçirərək Krasnı Bazar qəsəbəsinə yaxınlaşmışlar. Qanlı döyüşlər gedir. Hər iki tərəf canlı təlafat vermişdir. Üstünlük Milli Ordunun tərəfindədir. Düşmənin müqaviməti dəf olunur. Döyüşçülərimiz irəliləyirlər.
Milli Ordunun bölmələri Şaqax-Sur yüksəkliklərində yerləşən atəş nöqtələrini düşmənlərdən təmizləmək üçün bu gün həmin istiqamətdə hücumu genişləndirmişlər. Ağır döyüşlər gedir. Düşmənin müqavimətləri dəf olunur.
Bu gün saat 15-də Qazax rayonunun Qızıl-Hacılı kəndi İcevan rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə məruz qalmışdır. Azərbaycan Ordusunun əsgərləri və RDİŞ-nin milis işçiləri düşmənə cavab atəşi açaraq, susdurmuşlar.
İyunun 27-də saat 18:30-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundakı Batabat yaylağı ermənilər tərəfdən atəşə tutulub. Canlı təlafat olmayıb. Cavab atəşi ilə düşmən geri oturdulub.
Zəngilan, Qubadlı və Gədəbəy bölgələrində nisbi sakitlikdir.


Naxçıvan


İyunun 29-da Sədərək qəsəbəsi Ermənistan ərazisindən PDM, minaatan və qumbaraatanlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
Ermənistan televiziyası respublikanın prezidenti L.T.Petrosiyanın millətə müraciətini vermişdir. O, öz çıxışında “Daşnaqsütun” partiyasını günahlandırmış və onun rəhbərlərindən 48 saat müddətində respublikanın ərazisini tərk etməyi bildirib. L.Ter-Petrosyan etiraf edib ki, Dağlıq Qarabağda xaricdən Ermənistanın köməyinə gəlmiş 7 min mühacir vuruşur. O, müharibəyə son qoymağı bildirib və günahların hamısını “Daşnaqsütun” partiyasının üstünə atıb.

Tovuz, Gədəbəy, Kəlbəcər, Qubadlı, Cəbrayıl və Tərtər bölgələrində sakitlikdir.