Ağdam
İyunun 26-da saat 20-dən 22-dək ermənilər Kətuk kəndi tərəfdən ordumuzun azad etdiyi Ərənzəmin kəndini PDM və toplardan atəşə tutmuşlar.
Düşmənə cavab atəşi açılmışdır. Erməni tərəf itki verərək susdurulmuşdur. Biz tərəfdən 3 nəfər həlak olmuş, 3 nəfərdə yaralanmışdır.
Füzuli
Keçən gecə sakit keçmişdir. N-№-li batalyonda təsadüf nəticəsində 2 nəfər əsgər bir-birinə atəş açmışdır. Hər ikisi: Yusifov Elçin Ramiz oğlu (1970) və Rəsulov Ələkbər Camal oğlu (1973) həlak olmuşlar.
Zəngilan
İyunun 27-nə keçən gecə saat 1 radələrində ermənilər Qafan ərazisindən dövlət sərhədimizi keçərək Qazançı kəndinə gedən yolu minalamağa cəhd göstərmişlər. Lakin döyüşçülərimizin sayıqlığı nəticəsində bu təxribatın qarşısı alınmışdır.
Bartaz (2269 m. hündürlüyündə) dağı istiqamətində ermənilər yol çəkirlər. Hazırda Mehri ərazisində, inşaat işləri aparılan yerdə külli miqdarda yol çəkmək üçün texnika və mühafizə üçün bir hərbi vertolyot gətirilib. Əgər yol vasitəsi ilə düşmənlərimiz adı çəkilən yüksəkliyə hərbi texnika çıxardarlarsa, rayon mərkəzinin daim atəş altında qalma təhlükəsi yaranar.
Kəlbəcər
İyunun 26-da Ermənistan Respublikasının Vardenis rayonunun rəhbərliyi ilə Kəlbəcərin icra hakimi, MTN-in əməkdaşı, milis rəisi və briqadanın əməliyyat şöbəsinin rəisi arasında danışıqlar keçirilmişdir. Ermənilər sərhədin Vardenis-Kəlbəcər sahəsində atəşin dayandırılmasını və qızıl mədənlərindən yalnız Ermənistan üçün istifadə edilməsini təklif etmişlər. Onlar biz tərəfdən bir cavab almışlar: bütün bu məsələlər yalnız dövlət səviyyəsində həll edilməlidir. İkinci görüş iyun ayının 30-na təyin edilib.
Qazax, Tovuz, Gədəbəy, Qubadlı, Cəbrayıl, Tərtər bölgələrində sakitlikdir.