Əsgəran və Ağdərə istiqamətində döyüşlər davam edir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin hücumlarını dəf edərək irəliləyirlər. Ermənistan hökuməti bölgəyə xeyli əlavə qüvvələr gətirsə də, azad etdiyimiz kəndlərə yaxın düşə bilmirlər.
Etibarlı mənbələrdən əldə olunmuş məlumata görə, Ağdərəyə Ermənistandan “Çermux bölüyü” adlandırılan, 1500-dən ibarət bir qoşun gəlmişdir. Qoşuna keçmiş SSRİ Ordusunda rəhbər vəzifə tutmuş general Andresyan başçılıq edir. Andresyan bu qüvvənin gücü ilə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin ixtiyarında olan mövqeləri ələ keçirməyə cəhd göstərir. Milli Ordunun əsgərləri düşmənin bütün hücumlarını fədakarlıqla dəf edirlər. Ağdərə uğrunda döyüşlər davam edir.
İyunun 26-da axşam saat 20-dən 22-dək Kətik kəndi səmtindən ermənilər Ərənzəmin kəndini piyadaların döyüş maşınlarından və toplardan atəşə tutublar. Milli Ordunun döyüşçüləri düşməni susdurmaq üçün cavab tədbirləri görmüşdür. Gərgin atışmalar zamanı erməni tərəf xeyli canlı təlafat verərək geri çəkilməyə məcbur olmuşdur. Milli Ordunun 3 döyüşçüsü qəhrəmancasına şəhid olmuş, 3 nəfər yaralanmışdır.
Dünən və bu gün fasilələrlə Ağdam rayonunun Yuxarı Qarabağ ətəklərində yerləşən kəndləri müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb. Düşmənlər cavab atəşləri ilə susdurulub. Əsgəran istiqamətində döyüşlər davam edir. Düşmən geri oturdulur.
İyunun 26-dan başlayaraq, ara-sıra olsa da, ermənilər Füzuli rayonunu atəşə tuturlar. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşməni sıxışdırmağa başlamışdır.
Qarabağ bölgəsinin ətraf rayonları: Cəbrayılda, Kəlbəcərdə və Goranboyda vəziyyət dəyişməmişdir. Nisbi sakitlikdir.
Kəlbəcərdən aldığımız məlumatda deyilir: Ermənilər ZOD qızıl mədəninin qazıntı ərazisini Azərbaycan sərhədinin içərilərinə doğru genişləndirmişlər. Yüzlərlə hektar torpaqlarımızın florası korlanmışdır. Mədəndə işləyən ermənilər tərkibi faydalı metalla zəngin olan torpağımızı daşıyıb aparırlar.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır. Dünən axşamüstü saat 18-dən başlayaraq, Qazax rayonunun Qızıl Hacılı, Fərəhli, Quşçu Ayrım və Abbasbəyli kəndləri Ermənistanın İcevan və Noyanberyan rayonları ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulur. Erməni quldurlarını geri oturdarkən, Milli Ordunun 1 zirehli transportyoru minaya toxunaraq sıradan çıxmışdır. Nəticədə döyüşçülərimizdən 2 nəfər qəhrəmancasına şəhid olmuş, 4 nəfər yaralanmışdır.
Bu gün saat 15-də düşmənlər yenidən Qızılhacı kəndini atəşə tutublar. Milli Ordu ilə birlikdə Rayon DİŞ-nin milis işçiləri düşmənin hücumlarını dəf etmişlər. Erməni silahlı birləşmələri xeyli canlı təlafat verərək geri çəkilmişdir. Bu döyüşlər zamanı əsgərlərimiz düşmənin 3 atəş nöqtəsini məhv etmiş, strateji əhəmiyyətə malik olan Satılmışdağ yüksəkliyini ələ keçirmişlər. Döyüşlər davam edir.
Bu gün Qazaxın Kəmərli kəndində Ermənistan tərəfinin nümayəndələri ilə Qazax rayonunun rəhbərləri arasında əsirlərin və meyidlərin dəyişdirilməsi barədə danışıqlar olmuşdur. Danışıqlarda iştirak edənlərdən biri – Qazax RDİŞ-nin rəisi podpolkovnik Fikrət Məmmədov bildirmişdir ki, danışıqlar zamanı ermənilər 4 meyid və 1 əsir vermişlər.
Dünən Zəngilan rayonunun Vejnəli və Qazançı kəndləri, Qubadlı rayonunun Ermənistanla sərhəd kəndləri atəşə məruz qalmışdır. Cavab atəşləri ilə düşmən susdurulmuşdur.
Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi və Ordubad rayonunun Kilid kəndi düşmənlər tərəfindən atəşə tutulur. Sədərək atışmalarında Milli Ordunun 2 döyüşçüsü yaralanmışdır. Düşmənə cavab atəşləri açılır.
Naxçıvan Xalq cəbhəsindən aldığımız məlumatda deyilir ki, artıq Ermənistan hökuməti qadınları da səfərbər etməyə başlamışdır. Görünür, vaxtı ilə Azərbaycanın idarə müdirlərini asanca ram edən erməni qadınlarının təcrübəsindən cəbhədə də istifadə etmək fikrinə düşüblər.