Ermənistan televiziyasının verdiyi məlumata görə:
“İyunun 25-də saat 11:00 radələrində Azərbaycan Ordusu bölmələri Leninavandan Çerabert, Karmiravandan isə Kaçavan istiqamətində hərəkət edərək Mardakertə daxil olmağa cəhd göstərmişlər. Ancaq saat 24:00-a yaxın erməni özünü müdafiə dəstələri Azərbaycan Ordusunun xeyli texnikasını sıradan çıxarmış və onların hərəkatını saxlamışdır. Azərbaycan tərəfi 2 tank, 5 maşın və 30 nəfər itirərək geri çəkilmişdir. Özünümüdafiə dəstələri əks-hücuma keçərək Karmiravan kəndini geri qaytarmışdır. Döyüş meydanında AO-nun 140-dan artıq əsgəri qalmışdır.
DQR-nın müdafiə komitəsinin verdiyi məlumata görə, AO-nun son əməliyyatlarının baş tutmaması orduda nizam-intizamın aşağı düşməsi, əsgərlərin tutulmuş ərazilərdə talan və qarətçiliklə məşğul olmasıdır”.
Əsgəran ətafındakı döyüşlər haqda isə belə bir məlumat yayılmışdır: “DQR özünümüdafiə qüvvələri Naxçıvanik və Dəhrəz kəndləri ətrafındakı mövqeləri tutmuşlar. Burada AO-nun 4 ədəd zirehli texnikası vurulmuş və xeyli canlı qüvvəsi məhv edilmişdir.
İyunun 25-də saat 23:00-da Cinli kəndindən və Ağdamdan AO-nun bölmələri Əsgərana daxil olmaq istəmişlər. Ancaq onlar geri oturdulmuşdur.”.
“İyunun 26-da saat 16:00 radələrində Füzuli ərazisindən Martuni rayonunun Çartaz və Maçkalaşen kəndləri istiqamətində AO-nun hücumu başlanmışdır. Hücumun nəticələri haqda heç bir məlumat yoxdur”.
“Saat 17:25-də Gədəbəyin Novo-İvanovka kəndi tərəfdən Krasnoselsk rayonunun Çil kəndi intensiv top atəşinə tutulmuşdur”.
“Ermənistanda yaşayan əhalinin xarici ölkələrə, əsasən isə ABŞ-na keçməsi qeydə alınmışdır. Son bir-iki ay ərzində 2372 nəfər doğma Ermənistanı tərk etmək haqqında ərizə yazıb”.