İyunun 25-dən 26-na keçən gecə Qarabağ bölgəsində vəziyyət xeyli gərginləşmişdir. Laçın-Şuşa dəhlizi ilə Xankəndi-Ağdərə istiqamətinə ermənilərin çoxlu canlı qüvvələri və zirehli texnikası gəlib cəmləşmişdir. Digər tərəfdən də son günlər Qarabağ bölgəsində yağan leysan yağışlar döyüş əməliyyatlarının surətini ləngitmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri, əvvəlki kimi döyüş üstünlüklərini öz tərəfində saxlayır.
Döyüşlərin getdiyi ən qaynar nöqtə yenə də Ağdərə cəbhəsidir. Dünən axşamdan erməni silahlı birləşmələri öz mövqelərini qoruyub saxlamaq üçün ciddi müqavimət göstərməyə başlamışlar. Karmirovan kəndi ətrafında Milli Ordunun döyüşçüləri ilə düşmənlər arasında toqquşma baş vermişdir. Erməni tərəfin bu cəhdi də səmərəsiz qalmışdır. Düşməni əzib dayandırmaq mümkün olmuşdur. Hər iki tərəf canlı təlafat vermişdir.
Ağdərə uğrunda döyüşlər davam edir.
İyunun 26-na keçən gecə Ağdam şəhəri və Yuxarı Qarabağ ətrafı kəndlər Əsgəran istiqamətindən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Əsgəran səmtində döyüş əməliyyatlarını genişləndirirlər. Düşmənin bütün mövqeləri atəşə tutulur.
Füzuli, Cəbrayıl və Kəlbəcər bölgələrində Milli Ordunun əsgərləri döyüş hazırlığını artırırlar. Erməni silahlı birləşmələrinin hərəkətləri nəzarətdə saxlanılır.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bu gün Qazax rayonunun Qızılhacılı kəndini tamamilə düşmənlərdən təmizləmişlər. Döyüşçülərimiz müdafiə postlarını əvvəlki yerinə - Respublikamızın Ermənistanla sərhəd xəttinə köçürmüşlər. Qazax bölgəsində müdafiə mövqelərinin möhkəmləndirilməsi işi davam etdirilir.
Bu gün saat 15:30-da erməni yaraqlıları Tovuz rayonunun Muncuqlu kəndini avtomat və pulemyotlardan atəşə tutublar. Cavab atəşi ilə düşmən susdurulub.
Zəngilan, Qubadlı, Gədəbəy, Ağstafa və Goranboy rayonları ərazisində nisbi sakitlik olmuşdur.
Naxçıvan Muxtar Respublikasından aldığımız məlumatda deyilir:
İyunun 25-də gecə saat 20:45-də Şahbuz rayonunun Keçili və Şada kəndləri üzərində ermənilərin 1 vertolyotu kəşfiyyat məqsədilə uçuş edərək geri qayıtmışdır.
Bu gün saat 12:30-da Ordubad rayonunun Kilid və Kotam kəndləri Ermənistan ərazisindən toplardan atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Bu gün fasilələrlə Sədərək qəsəbəsi avtomat və snayper silahlardan atəşə məruz qalıb. Nəticədə 2 nəfər yaralanıb.
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan bölmələri düşmənin qəfil hücumlarını dəf etmək üçün sayıqlığı artırmağa davam edir. Döyüşçülərimiz müdafiə mövqelərini möhkəmləndirirlər.