Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Qazax


İyunun 24-də saat 13:30-da rayonun Fərəhli, Qızılhacılı və Quşçu Ayrım kəndləri Ermənistan ərazisindən avtomat və pulemyotlardan ara-sıra atəşə tutulub. 1 milis nəfəri yaralanıb.


Tovuz


İyunun 24-də saat 18:30-da rayonun Ağdam kəndi atəşə tutulub. Kəndin sakinlərindən biri (75 yaşında) şəhid olmuşdur.
Gecə saat 23-də Qoşa kəndində atışma zamanı Milli Ordunun 1 əsgəri şəhid olmuşdur.


Ağdam


Bu gün səhər saat 4-ə yaxın Ağdam şəhəri top atəşinə tutulub. Gülablı, Abdal və Şelli kəndləri də atəşə məruz qalıb. Gülablı döyüşçüləri arasında yaralananlar var. 1 nəfər şəhid olub.
Əsgəran istiqamətində düşmənlərdən təmizlənmiş Pircamal, Naxçıvanik və Dəhrəz kəndləri ermənilər tərəfindən atəşə tutulur. Düşmənə cavab atəşləri açılaraq susdurulur.


Qubadlı


İyunun 24-də axşamüstü Ermənistanın Gorus rayonu ərazisindən 3 hərbi vertolyot səmaya qalxaraq Qubadlı rayonunun müdafiə postlarını atəşə tutublar. Milli Ordunun döyüşçüləri Mİ-24 markalı hərbi vertolyotlardan 2-ni dərhal vurub endirmişlər. Vertolyotlardan 1-i yanmış, 1-i yerə salamat enmişdir. 3-cü vertolyot isə güllə zədəsi alsa da, vurulmuş vertolyotların ekipajını götürərək aradan çıxmışdır.
Ara-sıra atəş səsləri eşidilsə də, Qubadlıda sakitlikdir.

Füzuli, Cəbrayıl, Kəlbəcər, Goranboy, Gədəbəy və Tərtər bölgələrində nisbi sakitlikdir. Qazaxda da sakitlikdir.