Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri erməni işğalçılarının əlində qalan torpaqlarımızın təmizlənməsi uğrunda döyüşləri davam etdirir. Düşmənin ciddi müqavimətinə baxmayaraq, üstünlük Azərbaycan döyüşçülərinin tərəfindədir.
Ağdərə rayonu uğrunda döyüşlər davam edir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin müqavimətini dəf edərək irəliləyir.
Əsgəran cəbhəsində də vəziyyət gərgindir. Erməni işğalçıları hələlik əllərində olan səngərlərdən Ağdam şəhərini və atəş məsafəsinə yaxın kəndləri toplardan, tanklardan, piyadaların döyüş maşınlarından və iriçaplı pulemyotlardan atəşə tuturlar. Şəhər tikililərindən bir neçəsi dağılmışdır. Gülablıda 1 döyüşçümüz şəhid olmuşdur.
Ağdam istiqamətindən düşmənə cavab atəşləri açılır, onlar susdurulur.
Bu gün Xocavənd rayonu ərazisində 2 erməni qulduru məhv edilmişdir.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır. Bu gün saat 13-dən başlayaraq Qazax rayonunun Quşçu Ayrım kəndi ermənilər tərəfdən atəşə məruz qalıb. Dünən axşam saat 18:30-da Tovuz rayonunun Ağdam kəndi Berd ərazisindən atəşə tutulub. Kənd sakinlərindən 1 nəfər həlak olmuşdur. Gecə saat 23-də rayonun Qoşa kəndi də atəşə məruz qalıb. Atışma zamanı Milli Ordunun 1 əsgəri şəhid olmuşdur. Düşmən cavab atəşi ilə geri oturdulmuşdur.
İyunun 24-də saat 20-də Zəngilan rayonunun Qazançı kəndinə gedən “QAZ-66” markalı avtomobilimiz ermənilər tərəfdən atəşə tutulub. Nəticədə Milli Ordunun 2 döyüşçüsü şəhid olmuş, 5 nəfər yaralanmışdır.
İyunun 25-nə keçən gecə rayonun Mehri rayonu ilə sərhəd kəndləri ara-sıra atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.
Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Tərtər, Kəlbəcər, Goranboy və Ağstafa bölgələrində nisbi sakitlik olmuşdur.
Naxçıvan Muxtar Respublikasında da nisbi sakitlikdir.