Tərtər
İyunun 24-nə keçən gecə Ağdərənin 1 km-də yerləşən 3№-li sovxoz ətrafında döyüşlər getmişdir. Ermənilər buraya xeyli canlı qüvvə və zirehli texnika yığaraq güclü müqavimət göstərirlər.
Ağdərə ərazisində Silahlı Qüvvələrimizin 2-ci istiqamətdə apardıqları döyüş əməliyyatları Madagiz kəndi yaxınlığındadır. Düşmənin kəndi geri qaytarmaq cəhdi döyüşçülərimiz tərəfdən dəf edilmişdir. Hər iki tərəfdən xeyli itki vardır.
Ağdam
Dünən gün ərzində və 24-nə keçən gecə şəhər “Qrad” tipli qurğulardan və toplardan atəşə tutulmuşdur. Dağıntı var. 2 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır. İyunun 24-də səhər Abdal və Gülablı kəndləri Xocavənd rayonunun ermənilər yaşayan kəndlərindən atəşə məruz qalmışdır. Sonra həmin kəndlərə düşmən hücuma keçmişdir. Saat 9:30-a olan məlumata görə döyüş gedir.
Kəlbəcər
İyunun 23-də saat 22:00-da Ermənistanın SQ-i Vardenis rayonu tərəfdən Azərbaycanın sərhədini keçməyə cəhd göstərmişlər. Lakin döyüşçülərimiz düşməni geri oturtmuşlar. Çərəkdar yaxınlığına toplaşan erməni qüvvələri də atəşə tutulmuş və geri çəkilməyə məcbur olmuşlar.
Qubadlı
İyunun 23-də saat 18-dən 19-dək “Yazıdüzü” məntəqəsi Ermənistanın Gorus rayonu ərazisindən minaatanlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
Cəbrayıl
İyunun 23-dən 24-nə keçən gecə Qışlaq və Sirik kəndləri keçmiş Hadrut rayonunun ermənilər yaşayan kəndlərindən atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
Gədəbəy
İyunun 23-dən 24-nə keçən gecə saat 2:30-dək Qaravəllər və Mormor kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisindən atəşə tutulmuşdur. Qaravəllər kəndində bir nəfər yaralanmışdır. Azərbaycan Silahlı Qüvvələrinin rayondakı bölmələri düşmənə cavab atəşi açmışdır. Nəticədə ermənilərin 2 topu vurulmuşdur.
Başkənd ərazisindən yerli camaatın köçü davam edir. Boşalmış evlər Ermənistandan gətirilən döyüşçülərlə əvəz edilir.
Vəziyyət gərgin olaraq qalır.
Qazax, Tovuz, Ağstafa, Füzuli bölgələrində sakitlikdir.
Zəngilan
İyunun 24-nə keçən gecə Ermənistanın Qafan və Mehri rayonları ilə sərhəd kəndlərimiz əsasən Kolluqışlaq düşmən tərəfindən atəşə tutulmuşdur. Düşmənə bütün istiqamətlərdə cavab atəşi açılmışdır. Vəziyyət gərgin olaraq qalır.