Yuxarı Qarabağ torpaqlarının düşmənlərdən təmizlənməsi davam edir. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölmələri düşmənin ciddi müqavimət göstərməsinə baxmayaraq, əvvəlki kimi üstünlüyü öz tərəfində saxlayır. İyunun 23-dən 24-nə keçən gecə və bu gün davam etdirilən döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və zirehli texnikası məhv edilmişdir.
Döyüşçülərimiz Ağdərə istiqamətində uğurlu əməliyyatları davam etdirirlər. Bu gün 3 nömrəli sovxoz deyilən ərazidə cəmləşən erməni silahlı birləşmələri yerlə-yeksan edilmişdir. Hazırda Ağdərənin fəth edilməsi uğrunda ağır döyüşlər gedir. Döyüşçülərimiz düşmənin müqavimətini yara-yara irəliləyirlər.
Əsgəran-Xanabad cəbhəsində vəziyyət gərgin olaraq qalır. Ağdərəyə toplaşan düşmən qüvvələri buraya çəkilirlər.
Əsgəran istiqamətində cəmləşən erməni silahlı birləşmələri dünən gecə Ağdam rayonunu “Qrad” tipli raket qurğularından atəşə tutublar. İyunun 24-də səhər düşmənlər rayonun Gülablı və Abdal kəndlərinə basqın etməyə cəhd göstərmişlər. Döyüşçülərimiz düşmənin həmlələrini dəf etmişdir. Gərgin vuruşmalar nəticəsində Ağdamın müdafiəçilərindən 2 nəfər şəhid olmuş, 15 nəfər yaralanmışdır.
Əsgəran istiqamətində döyüşlər davam edir.
İyunun 23-də gecə saat 22-də erməni silahlı birləşmələri Vardenis rayonu istiqamətindən Kəlbəcər rayonu ərazisində Azərbaycanın sərhədini pozmağa cəhd göstərmişlər. Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər ərazi bölmələri düşmənin hücumunu dəf etmişdir.
Qarabağ tərəfdən Çərəkdar kəndinə yaxınlaşmaq istəyən erməni yaraqlıları döyüşçülərimizin sayıqlığı nəticəsində atəşə tutularaq geri çəkilməyə məcbur olmuşlar.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində gərginlik azalmır. Dünən gecə düşmənlər Gədəbəy rayonunun Qaravəllər və Mormor kəndlərini Krasnoselsk rayonu ərazisindən atəşə tutublar. Düşmənə cavab atəşi açılaraq susdurulmuşdur. 2 erməni topu vurulub məhv edilmişdir. Atışmalar nəticəsində Qaravəllər kəndində bir nəfər müdafiəçimiz yaralanmışdır.
Bu gün səhər saat 9-da Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığında Rayon Daxili İşlər Şöbəsinin əməkdaşlarını geriyə gətirən avtobus ermənilər tərəfdən atəşə tutulub. Nəticədə 1 milis işçisi yaralanıb.
Zəngilan və Qubadlı rayonlarının sərhəd kəndləri Ermənistanın Mehri, Qafan və Gorus rayonları istiqamətlərindən fasilələrlə olsa da atəşə tutulmaqda davam edir. Döyüşçülərimiz bütün istiqamətlərdə düşmənə cavab atəşləri açır və onu susmağa məcbur edirlər.
Füzuli istiqamətində düşmənin müqaviməti zəifləməyə başlamışdır. Cəbrayıl, Tovuz və Ağstafa bölgələrində nisbi sakitlik yaransa da, döyüşçülərimiz sayıqlığı artırırlar. Mövqelərimiz möhkəmləndirilir.
Dünən axşamdan başlayaraq Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərində vəziyyət nisbətən ağırlaşmışdır. İyunun 23-də düşmənlər Ordubad rayonunu və Kilid kəndini top və minaatanlardan atəşə tutublar. Atəş zamanı 1 döyüşçümüz şəhid olub.
Kilid kəndi buy gün saat 11-də yenidən düşmənlərin atəşinə məruz qalıb. Cavab atəşi ilə düşmən susdurulub.
Bu gün Babək rayonunun Yuxarı və Aşağı Buzqov kəndləri də atəşə tutulub. Döyüşçülərimizdən 2 nəfər yaralanıb. Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan bölmələri düşmənin həmlələrini fədakarlıqla dəf etmişlər.