Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Yuxarı Qarabağ bölgəsində davam etdirilən döyüş əməliyyatlarını genişləndirmişlər. Bu gün ermənilərin əlində olan Karmirovan kəndində cəmləşən düşmən qüvvələri darmadağın edilmiş, kənd tamamilə düşmənlərdən təmizlənmişdir.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin qoşunları düşmənin müqavimətini qıra-qıra Ağdərə rayonunun mərkəzinə doğru addımlamışlar. Uğurlu döyüşlər davam edir. Düşmən döyüşçülərimizin hücumları qarşısında artıq tab gətirə bilmir.
Bu gün Tərtər rayonu ilə Kəlbəcərin arasında yerləşən düşmən yuvası Aterk kəndi ətrafındakı istehkamlar döyüşçülərimiz tərəfindən darmadağın edilmişdir. Düşmən bütün cəbhə boyu təqib olunur.
İyunun 23-də təslim olunmaqlarına az qalmış düşmənlər Ağdam istiqamətində Yeni Qaralar kəndini saat 14-də top atəşinə tutmuşlar. Bu döyüşlərdə fədakarlıq göstərən qəhrəman milis işçilərimizdən 2 nəfər şəhid olmuş, 4 nəfər yaralanmışdır. Döyüşçülərimiz düşmənlərin atəş açdığı nöqtələri tezliklə susdurmuşlar. Hazırda Ağdam bölgəsində nisbi sakitlikdir. Əsgəran istiqamətində döyüşlər davam edir.
Dünən axşamüstü ermənilər Ağbulaq-Xırmancıq istiqamətindən Füzuli rayonunu atəşə tutmağa cəhd göstərmişlər. Milli Ordunun sayıq əsgərləri düşmənin müqavimətini qıraraq, onun 1 topunu və 1 piyadaların döyüş maşınını vurub məhv etmişlər. Hadrut istiqamətində düşmənin təqibinə başlanılmışdır.
İyunun 22-də axşamüstü düşmənlər Cəbrayıl rayonunun Qışlaq kəndi ətrafında öz güclərini sınamaq istəmişlər. Cəbrayılın ərazi-müdafiə qüvvələri ermənilərin mənasız hücumunu tezliklə dəf etmişlər.
Bu gün ermənilər Kəlbəcər yaxınlığında yerləşən Narıştar kəndini Aydoğan kəndi səmtindən atəşə tutmuşlar. Kəlbəcərin müdafiə qüvvələri düşməni darmadağın etmişlər.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır. Zəngilan rayonunun sərhəd kəndlərində atəşlər ara verməmişdir. Mehri və Qafan rayonları ərazisində cəmləşən erməni silahlı birləşmələri fasiləsiz olaraq, rayonun Yuxarı Yeməzli, Qazançı, Kollu Qışlaq, Gün Qışlaq, Ağbənd, Vejnəli kəndlərini və Şükürataz yaylağını müxtəlif təyinatlı silahlardan atəşə tutublar. Zəngilan bölgəsində vəziyyət gərgin olaraq qalsa da, döyüşçülərimiz düşmənlərin hücumlarını dəf etməyə hazırdır.
Düşmənlər dünən gecə Qubadlı rayonunun Çərəli kəndini, Tovuz rayonunun Həsənli və Qoşa kəndlərini, Gədəbəy rayonunun Şınıx çökəkliyini müxtəlif təyinatlı silahlardan atəşə tutublar. Döyüşçülərimiz bütün istiqamətlərdə düşmənə cavab atəşləri açaraq, onları geri oturtmuşlar.
Naxçıvan Muxtar Respublikasından aldığımız xəbərdə deyilir ki, düşmənlər ara-sıra Ordubad rayonunun sərhəd kəndlərini toplardan atəşə tuturlar. Bu gün saat 18:50-də Ordubad şəhəri top atəşinə məruz qalmışdır. Muxtar Respublikanın qalan bölgələrində nisbi sakitlikdir. Düşmən cavab atəşilə susdurulmuşdur.
Qazax, Ağstafa, Kəlbəcər və Tərtər bölgələrində döyüşçülərimiz müdafiə istehkamlarını möhkəmləndirməklə məşğul olurlar.