Döyüşlərin getdiyi Qarabağ bölgəsində, xüsusilə Ağdam bölgəsində vəziyyət birdən-birə gərginləşmişdir. İyunun 21-də saat 16-dan iyunun 22-də səhər saat 4-dək Ağdam şəhəri fasilələrlə “Qrad” tipli qurğulardan raket atəşinə tutulub. Şəhər tikililəri arasında dağıntı vardır.
Dünən ermənilər Ağdamı atəşə tutduğu vaxt, eyni zamanda Şelli, Naxçıvanik və Ağbulaq kəndlərinə hücuma keçmişlər. Azərbaycan Silahlı Qüvvələrinin ərazi-müdafiə bölmələri düşmənə ağır zərbələr endirərək, onu geri qaçmağa məcbur etmişlər.
Bu gün döyüşçülərimiz müvəqqəti itirilmiş Yeni Qaralar kəndini yenidən düşməndən azad etmişdir. Ağdamda nisbi sakitlik yaranmışdır.
Hazırda Əsgəran istiqamətində Milli Ordunun əsgərləri döyüşləri davam etdirirlər.
Azərbaycan Silahlı Qüvvələrinin döyüşçüləri bu gün Madagiz ətrafında gedən döyüşlərə son qoymuşdur. Bir neçə gündən bəri müqavimət göstərən düşmən qüvvələri tamamilə darmadağın edilmişdir. Madagiz kəndi yenidən Milli Ordunun ixtiyarına keçmişdir. Döyüşçülərimiz uğurlu qələbədən sonra kənddəki müdafiə istehkamlarını möhkəmləndirməyə başlamışlar.
Bu gün saat 15-dən sonra Füzuli rayonu ermənilərin toplaşdığı Axullu kəndi səmtindən toplardan atəşə tutulmağa başlanılmışdır. Düşmənə cavab atəşləri açılır. İnanırıq ki, tezliklə Füzuli cəbhəsindən də qələbə xəbərləri almağa az qalıb. Cəbrayıl rayonunun Qışlaq və Süleymanlı kəndləri də Hadrut ərazisindən ara-sıra avtomat və pulemyotlardan atəşə tutulur.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində nisbi sakitlik yaransa da, gərginlik azalmamışdır. Düşmənlər yenə də Zəngilan rayonunun Qazançı, Ağkənd və Vejnəli kəndlərini Qafan və Mehri istiqamətlərindən atəşə tutmaqda davam edirlər.
Qubadlı, Laçın, Kəlbəcər, Goranboy, Tovuz, Gədəbəy, Ağstafa və Qazax bölgələrində nisbi sakitlik olmuşdur.
Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrində ara-sıra atəş səsləri eşidilsə də, nisbi sakitlikdir.
Etibarlı mənbələrdən alınan məlumatda deyilir ki, Ermənistanın televiziya verilişlərində Əsgəran, Pircamal, Naxçıvanik və Ağdərə rayonu ərazisində gedən döyüşlərə geniş yer verilir. Həmin verilişlərdə Qarabağda gedən döyüşlərdə ermənilərin xeyli itkilər verdiyi və səngərləri qoyub qaçdıqları etiraf olunur.
İnanırıq ki, ermənilərin bu qaça-qaçı tezliklə kütləvi xarakter alacaqdır.