Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı birləşmələri buraya xeyli canlı qüvvə və zirehli texnika səfərbər edərək, əks-hücuma keçmişlər. Bütün bunlara baxmayaraq, döyüşlərin getdiyi cəbhə xəttində üstünlük əvvəlki kimi Azərbaycan Silahlı Qüvvələrinin tərəfindədir.
İtirilmiş mövqelərin sayını azaltmaq istəyən erməni silahlı birləşmələri Ağdərə rayonu ərazisində düşmənlərdən azad etdiyimiz Madagiz kəndini atəşə tutmağa başlamışlar. Azərbaycan Silahlı Qüvvələrinin Tərtər bölmələri düşmənin müqavimətini qırmaq uğrunda mübarizə aparır. Madagiz kəndində döyüşlər gedir.
Bir neçə gündür ki, Ağdam rayonu düşmənin möhkəmləndiyi Kətik, Əsgəran və Ağdərə istiqamətlərindən fasiləsiz olaraq müxtəlif təyinatlı silahlardan atəşə tutulur. Diqqəti döyüşçülərimizin azad etdiyi kəndlərdən yayındırmaq istəyən erməni yaraqlıları Ağdamın Qaralar kəndinə hücuma keçmişlər. Qaralar kəndi düşmənin əlinə keçmişdir. Milli Ordunun bölmələri düşməni dəf etmək üçün əks-hücuma keçmişdir.
Ağdam şəhəri və rayonun Yetim Cinli, Əliağalı, Əlimədətli, Qalayçılar kəndləri toplardan və Piyadaların döyüş maşınlarından atəşə tutulur.
Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı bölgədə mürəkkəbləşən vəziyyəti nizama salmaq üçün tədbirlər müəyyənləşdirir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin bölgədəki qoşunlarının və könüllülərin birgə əməliyyatları nəticəsində düşmənin müvəqqəti xarakter daşıyan hücumları tezliklə dəf olunacaqdır.
Bu gün səhər çağı ermənilər Hoğa kəndi səmtindən Füzuli şəhərini atəşə tutublar. Şəhərə 3 top mərmisi düşüb. Cavab atəşi ilə düşmən susdurulub.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində də vəziyyət sabitləşmir. Dünən gecə Tovuz rayonunun Qaralar kəndi, Gədəbəy rayonunun İvanovka, Qaravəllər və Mormor kəndləri ermənilər tərəfdən müxtəlif təyinatlı silahlardan atəşə məruz qalıb. İnsan təlafatı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.
Bu gün saat 10-dan 14-dək Tovuz rayonunun Əlibəyli kəndi Moseskex istiqamətindən avtomat və pulemyotlardan atəşə tutulub. Erməni tərəf cavab atəşi ilə geri oturdulub. Düşmən canlı təlafat vermişdir.
Dünən gecə Zəngilan rayonunun sərhəd kəndləri Qafan rayonu ərazisindən “Qrad”, “Kristal” tipli qurğulardan və toplardan atəşə tutulub.
Gecə saat 02-dən sonra Mehri rayonu səmtində toplaşan erməni silahlı birləşmələri Zəngilan rayonunun sərhəd kəndlərinə hücuma keçmişlər. Bu dəfə də döyüşçülərimiz düşmənin həmlələrini mərdliklə dəf etmişlər.
Ermənistan tərəfdən Zəngilan rayonunun sərhəd kəndləri fasilələrlə də olsa atəşə tutulur. Düşmənə cavab atəşi açılır.
İyunun 20-də müxtəlif vaxtlarda Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələri – Sədərək qəsəbəsi, Batabat, Gərməçataq, Şada, Aşağı Buzqov avtomat, pulemyot və minaatanlardan atəşə tutulub. Döyüşçülərimiz düşmənə cavab atəşləri açmışlar.
Naxçıvan Xalq Cəbhəsindən aldığımız məlumatda deyilir:
Ermənistan Respublikasının Mehri rayonu ərazisində 3 ay müddətində fövqəladə vəziyyət və komendant saatı elan olunub. Ermənistan televiziyası ilə translyasiya edilən verilişlərdə erməni əsgərlərinin ruh düşkünlüyü, döyüş əhval-ruhiyyəsinin zəifliyi nəzərə çarpır.
Ermənistan Respublikasının Müdafiə naziri Vazgen Sarkisyan əmisi oğlu Vahan Arutunyanı Ağdərə rayonunda yerləşən erməni polkuna komandir təyin edib. Görünür, tezliklə Ağdərəni itirəcəklərini Vazgen Sarkisyan da hiss edir.