Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyun 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 19-dan 20-nə keçən gecə və bu gün cəbhə xəttində vəziyyət dəyişməmişdir. Azərbaycan Silahlı Qüvvələrinin döyüşçüləri, xarakterindən asılı olmayaraq düşmənin bütün hücumlarını dəf edirlər.
Əsgəran istiqamətində vəziyyət nisbətən gərgindir. Burda döyüşçülərimiz hələ də düşmənin atəşlərinə məruz qalır. Əsgəran-Xanabad səmtində döyüşlər davam edir.
Ağdərə rayonu istiqamətində davam etdirilən döyüş əməliyyatları nəticəsində daha bir kənd – Malakanka düşmənlərdən azad edilmişdir. Milli Ordunun Tərtər bölmələri tutduqları mövqeləri möhkəmləndirirlər.
Respublikamızın Ermənistanla sərhəd bölgələrində ara-sıra atəş səsləri eşidilsə də, ciddi bir hadisə qeydə alınmayıb.
Qazax, Tovuz və Ağstafa rayonlarında nisbi sakitlikdir. Döyüşçülərimiz öz mövqelərini möhkəmləndirməkdə davam edirlər.
Dünən gecə saat 22:30-da Gədəbəy rayonunun İvanovka kəndi atəşə tutulub. Atışma səhər saat 4-dək fasilələrlə davam etmişdir. Cavab atəşi ilə düşmən susdurulmuşdur.
Erməni yaraqlıları Qafan və Mehri rayonları ərazisində yenə də sakitliyi pozur, Zəngilan rayonunun Vejnəli, Yuxarı Yeməzli, Seyidlər kəndləri və Susən meşəsini atəşə tuturlar. Milli Ordunun ərazi-müdafiə qüvvələri düşmənin həmlələrini vaxtında dəf edir və cavab atəşləri ilə onların atəş nöqtələrini susdururlar.
Naxçıvan Muxtar Respublikasından aldığımız məlumata görə, Sədərək qəsəbəsi Ermənistan ərazisindən fasilələrlə də olsa, müxtəlif təyinatlı silahlardan atəşə tutulur. Azərbaycan Silahlı Qüvvələri Naxçıvan bölməsinin döyüşçüləri düşmənin hücumlarını fədakarlıqla dəf edirlər.