Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölmələri cəbhə xəttində əvvəlki kimi üstünlüyü öz tərəfində saxlayır. Düşmənlərdən azad olunmuş torpaqlarımızın müdafiəsini gücləndirmək üçün istehkamlar qurulur, mövqelər möhkəmləndirilir.
Milli Ordunun Tərtər bölmələri Ağdərə istiqamətində uğurlu əməliyyatlar keçirmişdir. Ağdərə rayonunun Yuxarı Çaylı, Aşağı Çaylı, Madagiz, Həsənqaya, Levonarx, Leninavan, Marquşavan və Marağa kəndləri düşmənlərdən təmizlənmişdir. Döyüşçülərimiz bu kəndlərdə müdafiə tədbirləri ilə əlaqədar işləri qaydaya salırlar.
Əsgəran istiqamətində mövqelərimiz dəyişməmişdir. Azad olunmuş kəndlərimiz döyüşçülərimiz tərəfindən mərdliklə müdafiə olunur. Əsgəran rayonu ərazisində qalan erməni yaraqlıları Naxçıvanik kəndini atəşə tutmaqda davam edirlər. Ancaq düşmənin bu cəhdləri əbəsdir. Döyüşçülərimiz düşmənin atəş açdığı istiqamətlərə cavab tədbirləri görürlər.
Goranboy cəbhəsində də vəziyyət normaldır.
İyunun 18-dən 19-na keçən gecə Respublikamızın Ermənistanla sərhəd bölgələrində vəziyyət bir qədər gərgin olmuşdur. Zəngilan rayonunun Yuxarı Yeməzli kəndi Qafan ərazisindən iriçaplı pulemyotlardan atəşə tutulmuşdur. Düşmən cavab atəşi ilə susdurulmuşdur.
Dünən Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəddə yerləşən Yuxarı Buzqov, Aşağı Buzqov, Gərməçataq və Şada kəndləri ara-sıra da olsa düşmənlərin atəşinə məruz qalmışdır. Milli Ordunun Naxçıvan bölmələri düşmənin 4 topunu vurub sıradan çıxarmışlar. Döyüşçülərimiz düşmənin hücumunu dəf etməyə hazır vəziyyətdədir.
Gün ərzində Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Goranboy, Cəbrayıl, Füzuli və Qubadlı bölgələrində nisbi sakitlik olmuşdur. Əsgərlərimiz hərbi texnikalardan daha bacarıqla istifadə etmək və döyüşə hazır olmaq üçün təlim məşqlərini davam etdirirlər. Döyüşçülərimizin qazandığı uğurlu qələbə xəbərləri ilə yanaşı, Analitik informasiya mərkəzinə bir-birindən kədərli xəbərlər də daxil olur. Düşməndən təmizlənən torpaqlarımızın hər qarışı igidlərimizin qanı bahasına başa gəlir.
Ağır xəbərləri ifadə etmək özü də ağırdır. Amma nə edəsən? Görünür, bu da taleyimizə yazılan yazıdır. Yazıdan qaçmaq olmur...
Ağdamdan aldığımız xəbər, hamı kimi bizi də sarsıtdı. Qarabağın bütü, hamımızın ümid yeri Allahverdi Bağırovun ardınca, istedadlı sərkərdəmiz, alay komandiri Şirin Mirzəyevi də itirdik. Qaralar kəndindəki müdafiə mövqelərinin vəziyyətini nəzərdən keçirərkən Şirin Mirzəyevin əyləşdiyi “UAZ-469” markalı avtomobil minaya düşərək partlamışdır. Sürücü ağır yaralanmış, maşında olan digər 4 nəfər qəhrəmancasına şəhid olmuşlar.
Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı alay komandiri Şirin Mirzəyev və digər döyüşçülərin faciəli surətdə şəhid olmalarına təəssüflənir və onların ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir.
Allah onlara rəhmət eləsin!